Logo

Qarabağ münaqişəsi artıq tarixdə qalıb

03.11.2022 13:49 420 baxış
IMG

Oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirdi ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb.

Münaqişənin iki il bundan əvvəl həll edildiyini xatırladan dövlətimizin başçısı bu baxımdan görüşdə praktiki olaraq müzakirə edilməli məsələnin olmadığını vurğulayıb. Əslində, bu fikri bildirməklə Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” ifadəsindən sonra növbəti bir nida işarəsi qoymuş oldu. Yəni görüşdə səsləndirilən həmin fikir postmünaqişə dövrünün yeni mərhələsinin başlandığını özündə ifadə edir. Eyni zamanda bu fikir Xankəndi şəhərində mitinq təşkil edənlərə və onların havadarlarına tutarlı cavab oldu. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bundan sonrakı mərhələdə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində praktiki addımlar atılmalıdır.

İndiki sülhyaratma prosesində keçirilən görüşlərdə, verilən bəyanatlarda Qarabağa dair fikirlər yer almayıb. Çünki artıq Azərbaycan Prezidenti statusun ünvanını göstərib. Eləcə də dövlətimizin başçısı yeni iqtisadi rayonların yaradılması ilə bağlı olaraq artıq ölkəmizdə “Dağlıq Qarabağ” inzibati ərazi vahidinin olmadığını bəyan etmişdi. Onun sözlərinə görə, Prezident İlham Əliyev “Qarabağ xalqı” ifadəsini işlədənlərə cavab olaraq deyib ki, belə bir xalq yoxdur, orada yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Yəni müharibədən sonra irəliyə doğru xeyli məsafə qət etmişik. Hətta Ermənistanın siyasi rəhbərliyi də Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir, çünki bütün dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Eləcə də, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin də bildirib ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və dünya bunu belə qəbul edir. Belə olan təqdirdə, bəzi fitnəkar, öz geosiyasi maraqlarını güdən dövlətlərin Qarabağla bağlı planlarını qabartmağa çalışmaları, separatçıları təlimatlandırmaları, Ermənistandan adamları yığıb Xankəndinə mitinqə aparmaları qəbuledilməzdir. İddia edirlər ki, həmin mitinqdə 25-30 min erməni olub. Ancaq təxminən iki ay öncə separatçıların başçısı Arayik Arutunyan Ağdərədə olarkən etiraf etmişdi ki, Qarabağda 18 min əhali yaşayır. Sonradan o verilən təlimata uyğun olaraq bu rəqəmi 25 minlə əvəzləyib. Hətta Qarabağda 25 min erməni yaşasa belə, onların hamısının həmin mitinqdə iştirak etməsi mümkün deyil. Ona görə də, aydın görünür ki, bu mitinq kənardan təşkil olunub. Regionda sülhün təmin olunmasına maraqlı olan dairələr “Dağlıq Qarabağ” ifadəsini işlətməməlidir.

Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə görüşdə dediyi fikirlər çox əsaslıdır. Cənab Prezident haqlı olaraq bəri başdan görüşün gündəliyini müəyyən edən dairələrə bildirdi ki, müzakirə edəcəyimiz məsələ sülhyaratma məsələsi olmalıdır. Ona görə də, Ermənistanla münasibətlərin normallaşdırılması prosesi diqqət mərkəzində olmalıdır. Qarabağ ətrafında hansısa söhbətlər aparmaq cəhdi isə Azərbaycan tərəfindən məqbul hesab edilməyəcək.

Xəbər lenti