Logo

Bu ölkə daha bir gəncini itirdi... - FOTO

03.11.2022 13:52 674 baxış
IMG

"Hər şey 18 iyulda başladı. Mən Enactus UNEC komandasının kapitanı idim və bizim komanda respublika yarışında çempionluğu əldə etmişdi. Enactus yarışması qlobal bir sosial startup platforması olduğundan hər ölkədə nümayəndəliyi var və dünyada sadəcə 2 ölkədə dövlət dəstəyi və müdaxiləsi var. Təsadüfi deyil ki, bu iki ölkədən biri artıq bütün ümid və inamımın məhv olduğu yaşadığımız bu məmləkətdir. Enactus Azərbaycan QHT-dir və birbaşa Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən maliyyələşdirilir".

Bunları xəyal qırıqlığı ilə üzləşən Şahin Allahverdiyev "Tehsil.biz"ə problemini danışarkən deyib.

Ş.Allahverdiyevin sözlərinə görə, çempion olan günü elə ordaca təşkilatçılar Şahinə və komanda üzvlərinə yaxınlaşaraq təbriklərini çatdırıb: "Bu il yaxşı hazırlıq görməyimizi, nəticə istədiklərini bildirdilər. Bu isə hamıdan çox mənə və komandama sərf edirdi, çünki niyə də Puerto Rikoda baş tutacaq dünya kubokunda komandamız qalib gəlməsin?! Məndən finala gedəcək şəxslər üçün siyahı istənildi. İlkin olaraq 8 nəfər bildirdilər, təklif etdim ki, 10 nəfər getsək, yaxşı olar. Təklifim möcuzəvi də olsa, qəbul edildi və Gənclər Fondu həmin bu 10 nəfərin 28 oktyabrdan 4 noyabradək Puerto Rikodakı yaşayış xərclərini və səyahət xərclərini qarşılamağı öz üzərinə götürdü, ən azından mənə və komandama düz 1 ay bu fakt real olacaq kimi davranıldı".

Şahin deyir ki, avqust ayı boyunca viza məsələləri ilə bağlı narahatlığını qeyd etməsinə baxmayaraq hər dəfəsində "viza məsələsi bizdədir, siz narahat olmayın" cavabı alırmış: "Nəhayət, yalnız sentyabrın əvvəli 10 nəfərin DS-160 (ABŞ üçün seyri-immiqrant vizası formu) formu dolduralaraq təsdiqləndi. Sırada viza üçün müsahibə almaq mərhələsi var idi. Sentyabrın ortasına qədər proses yenə dondu və mənə belə bir cavab gəldi: "Şahin, göstəriş var, sayı 6-ya endirməliyik, 4 nəfər kim getmirsə, müəyyənləşdir". Komandanın ilk motivasiyası buradaca qırıldı. Fondla görüşdük, vəziyyəti bildirdik, 6 nəfərlə ölkə təmsil etməzlər dedik, layihə uğur qazanmayacaq dedik, bu məsələni müzakirə edərik cavabı aldıq. Üstündən bir neçə gün keçdikdən sonra isə gözlənilmədən daha 2 nəfər siyahıdan kənarlaşdırıldı. Mən isə əvəzində komandanın iştirakdan imtina həddində olduğunu və hazırlığı tamamilə dayandırdığını bildirdim. Hər cür təzyiq tətbiq edildi və sonda 4 nəfər təsdiq edilərək viza müsahibəsinə göndərildi özü də uşaqların öz hesabına (280 AZN)".

Ş.Allahverdiyev bildirib ki, 29 oktyabrda baş tutacaq yarış üçün 11 oktyabrda ABŞ-nin Azərbaycandakı səfirliyində olublar və növbəti şoku burada yaşayıb: "Viza prosesinə hazırlıq yarıtmaz şəkildə aparıldı. Biz qəti şəkildə məlumatlandırılmadıq və sənədlərimiz çox zəif idi. Bunun da məntiqi nəticəsi kimi gedən 4 nəfərdən yalnız 1-i vizadan müsbət cavab aldı. Hamımızda eyni sənədlər (Fondun məktubu, Enactus Globalın dəvət məktubu, otel bronu) var idi. Yarışa 16 gün var və əlimizdə 1 viza qəbulu var. Mən bu qədər hadisədən sonra oturub özüm araşdırdım və adıma mülk olması, iş statusum, bank hesabından çıxarış təqdim etməyimin kifayət qədər şansımı artıracağını öyrəndim. Hətta bütün xərclərimi özüm qarşılayacağımı belə nəzərə aldım. Bunu fonda bildirdim və yenidən müsahibə üçün təzyiq etdim, amma onlar düz 2 həftə məni yubadıb yola verdilər. 19 oktyabrda Puerto Riko konqressinə müraciət etdilər. Qeyri-ABŞ vətənadaşının viza imtinası ilə bağlı ABŞ-nin ştat konqressinə..."

"İndi isə buradayıq. Ölkəni yalnız 2 nəfər (birinin əvvəldən multi-vizası var idi) və Enactus Azərbaycandan nümayındə təmsil etməyə getdi. Qısacası Gənclər Fondu verdiyi sözün heç birini tutmadı. Layihə üçün sərgi keçirəcəklərini dedilər, eləmədilər. Çıxış üçün təlimçi tutdular, bir neçə dərsdən sonra ləğv etdilər, komanda üçün t-shirt düzəltdirəcəklərini dedilər, düzəltmədilər. Ən əsası 1 ildir ki, liderliyini etdiyim komandamı məhv etdilər.

Məlumat üçün onu da qeyd edim ki, bizdən qat-qat aşağı səviyyədə olan ölkələr belə finalda azı 5 nəfərlə təmsil olunur. 

Mən son 3 gün ərzində mental olaraq özümü çox pis hiss edirəm. Ölkəyə, onun insanlarına, xarab olmuş bütün bu sistemə bütün hüceyrələrimlə ümidimi üzmüşəm. Bu çuxurun düzəlməyəcəyini də bilirəm və ən çox da bu məni üzür. Mənə qalan isə bu layihə üçün, final videosunun düzəldilməsi üçün keçirdiyim yuxusuz gecələr, stress, gərginlik, üzüntü və uğursuzluq hisləri oldu. Bu ölkə daha bir gəncini itirdi", - deyə Şahin Allahverdiyev əlavə edib.

Xəbər lenti