Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə 8 Noyabr - Zəfər Gününə həsr olunan “Müasir elmin aktual çağırışları və nailiyyətləri” adlı respublika elmi-praktik konfransı keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdən əvvəl universitet ərazisində ucaldılan Şəhidlər abidəsi ziyarət edilib. Daha sonra Bayraq Meydanında təşkil olunan tələbələrin əl işlərindən ibarət “Zəfərə imza atdıq” adlı rəsm sərgisinə baxış keçirilib.
Konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dos. Yaşar Ömərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Zəfər Günü münasibətilə təbrik edib. Y.Ömərov konfransın mövzusunun aktuallığına diqqət çəkərək məcmuələr toplusuna 200-ə yaxın tezisin daxil olduğunu bildirib. Qeyd edib ki, konfrans alim və tədqiqaqtçıların 8 istiqamət üzrə elmi müzakirələr aparılmaları üçün yaxşı platformadır.
Daha sonra Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra hakimiyyəti başçısının müavini Adil Tağıyev, AMEA-nın Gəncə Regional bölməsinin sədri, akademik Fuad Əliyev, Mərəndi Şərab Zavodunun icraçı direktoru prof. Vüqar Mikayılov, Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Rahid Ələkbərli, Azəralüminium Gəncə istehsalat kompleksinin direktoru Cəmil Səfərov çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Konfransın plenar iclasında Elm və innovasiyalar üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, iqtisad elmlər doktoru Mayıs Gülalıyevin “Elmin qlobal çağırışlarına lokal reaksiya” mövzusunda, Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı Rövşən Hacıyevin isə “İnformasiya Kommunikasiya Texnologiyada müasir elmin aktual çağırışları və nailiyyətləri” mövzusunda məruzələri dinlənilib.
Respublika elmi-praktik konfransı Qida sənayesi, Logistika, Yüngül sənaye, İnformasiya texnologiyaları və kompüter, Metal və materiallar mühəndisliyi, İqtisadiyyat və menecment, Davamlı inkişaf, yaşıl və nanotexnologiyalar, Multikultural təhsildə innovativ yanaşmalar olmaqla 8 istiqamət üzrə müəyyənləşib.