Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev 2022-ci ilin oktyabrın 10-dan 20-dək Cənubi Koreyanın paytaxtı Seul şəhərində “İKT mütəxəssisi hazırlığı proqramı 2022” (ICT Expert Training Program 2022) çərçivəsində keçirilən “Süni intellekt və Təhsil Texnologiyaları” beynəlxalq təlim kursunda (AI & Edu-Tech Course) iştirak edib.
Tehsil.biz xəbər verir ki, Koreya Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi və IT Sənayesinin Təşviqi üzrə Milli Agentliyinin birgə təşkil etdiyi təlim kursunu müvəffəqiyyətlə başa vuran E.Tağıyev müvafiq sertifikatla təltif olunub.
Bu münasibətlə, 2022-ci ilin 3 noyabr tarixində MDU-nun rektoru Şahin Bayramov beynəlxalq təlimdə universiteti uğurla təmsil etmiş gənc müəllimlə görüşüb və ona təbriklərini çatdırıb. Görüşdə MDU-da informasiya texnologiyaları sahəsində mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə bu istiqamətdə kadr potensialının gücləndirilməsinin fəaliyyət prioritetlərindən biri olduğu vurğulanıb. IT sahəsində müasir trendlərə uyğun bilik və bacarıqların inkişafına hədəflənən belə nüfuzlu beynəlxalq təlimdə MDU əməkdaşının iştirakından məmnunluğunu ifadə edən Ş.Bayramov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Göstərilən diqqətə və yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən E.Tağıyev təlim müddətində əldə etdiyi bilik və bacarıqlarla MDU-da IT təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə töhfə verə biləcəyinə əminliyini ifadə edib.
Məlumat üçün bildirək ki, müxtəlif ölkələrdən 25 mütəxəssisin iştirakı ilə keçirilən beynəlxalq təlimdə əsas məqsəd iştirakçıları qlobal IT tendensiyaları və siyasəti, IV sənaye inqilabı, təhsildə müasir IT trendləri, süni intellekt, “Big data” və “Deep learning” sahəsində dünyada və Cənubi Koreyada mövcud nəzəri və praktiki təcrübə ilə tanış etmək olub. Təlim müddətində mühazirələr dinlənilib, KoVAC (Korea Virtual Reality – Augmented Reality Complex), EduTech Company, SWM (Software Maestro) kimi IT profilli müxtəlif şirkətlərə və tarixi-mədəni yerlərə ziyarət olunub və ölkə təqdimatları keçirilib. E.Tağıyev, bundan əvvəl, 2019-cu ilin dekabr ayında sözügedən təlim kursunda iştirak edib.
Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da akademik və inzibati heyət üzvlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə onların müxtəlif beynəlxalq və yerli təlim və təcrübə proqramlarında iştirakına xüsusi önəm verilir.