Logo

BDU-nun Elmi Kitabxanası bu il 55000-dən çox oxucuya xidmət göstərib

04.11.2022 12:35 507 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası bu il 55000-dən çox oxucuya xidmət göstərib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, kitabxananın 50252-si tələbə və magistr, 4748-i professor-müəllim heyətindən ibarət olan oxucuları müxtəlif dillərdə çap və elektron resurslardan istifadə ediblər. Elmi Kitabxananın beynəlxalq nəşriyyatlarla əməkdaşlığı sayəsində istifadəçilər üçün 13000-dən çox elektron jurnal, 8000-ə yaxın elektron kitab və müxtəlif məzmunlu məlumat bazalarından istifadə imkanı yaradılıb. Kitabxanadan ən çox humanitar yönümlü fakültələrin tələbələri istifadə edib.

BDU-nun Elmi Kitabxanası həm nəzdində fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində, həm də respublika ali məktəb kitabxanalarının metodik mərkəzi kimi mütəmadi olaraq digər ali məktəb kitabxanalarında innovativ informasiya xidmətləri, beynəlxalq elektron resurslara çıxış, elmi araşdırmalar zamanı elektron resurslarda tammətnli məqalələrdən istifadə imkanları, beynəlxalq nəşriyyatların əməkdaşlarının iştirakı ilə bağlı məlumatlandırıcı-maarifləndirici xarakterli təqdimatlar, təlim-treninqlər keçirir.

2022-ci ildə Elmi Kitabxana Mübadilə-ehtiyat fondundan BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin kitabxanasına 153 adda (561 nüsxə), ADA Universitetinə 32 adda (140 nüsxə), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzinə 17 adda (50 nüsxə), Sumqayıt Dövlət Universitetinin Elmi Kitabxanasına 6 adda (140 nüsxə) kitab hədiyyə edib.

Qeyd edək ki, BDU-nun Elmi Kitabxanası respublika ali məktəb kitabxanaları arasında ən zəngin fonda, oxucu kontingentinə, qiymətli əlyazma və nadir nüsxələrə malikdir.

Xəbər lenti