Logo

"Bizim ortaq mədəniyyətimiz, tariximiz, dilimiz var” - MÜSAHİBƏ

04.11.2022 13:19 424 baxış
IMG

Universitetlərin keyfiyyəti onların cəmiyyətə, dövlətə, ölkəyə verdiyi əlavə dəyər və elmə verdiyi töhfələrlə ölçülür

Ankara Hacı Bayram Vəli Universitetinin rektoru professor Dr. Yusuf Tekinlə müsahibə

- Hörmətli rektor, ilk növbədə, müsahibə üçün vaxt ayırdığınıza görə sizə təşəkkürümü bildirirəm!

- Əvvəla, xoş gəlmisiniz. Sizin vasitənizlə qəlbən çox yaxın olduğum Azərbaycan türklərinə salamlarımı və sayğılarımı çatdırıram. İstər şəxsən, istərsə də qurum olaraq biz azərbaycanlı tələbələrimizi öz tələbələrimiz, öz övladlarımız və Azərbaycandakı təhsil adamlarını da öz həmkarlarımız kimi qəbul edirik, əlaqələrimizi də bu şəkildə inkişaf etdirməyə üstünlük veririk.

Yeni universitetlər yaradılmalıdır, lakin onlar müəyyən sahələrə fokuslanmalıdırlar

- Ankara Hacı Bayram Vəli Universiteti Qazi Universitetindən ayrılaraq quruldu. Universitetin yaranma səbəbini dinləyək...

- Tarixə nəzər saldıqda müəyyən zamanlarda ali təhsil müəssisələrinin sayı artmağa başlamışdır. Dünyanın bütün ölkələrində belədir: qurulmuş universitetin tərkibində çox fərqli strukturlara malik təhsil bölmələri meydana çıxır. Məsələn, Qərbdə universitetlərin institutlaşma tarixinə nəzər saldıqda da bunu görürsən. Türkiyədə universitetlərin institutlaşmasına baxanda da eyni şeyi görürsən. Bir çox fərqli fənlərə aid tədris proseslərinin bir dam altında verildiyi universitetlər zamanla ixtisaslaşır və tematik olurlar. Yəni, hər bir universitet müəyyən sahələrdə imtiyazlı mövqeyə çatır və bu istiqamətdə fəaliyyət göstərir. Ali təhsildə də oxşar çərçivə mövcuddur. Qərbdəki müasir universitet strukturuna nəzər saldıqda onlar universitetdə müəyyən sahələrə fokuslanmaya başlayırlar.

Bu gün Türkiyədə 200-dən çox universitet var; dövlət və özəl universitetlər. İndi dünyada baş verən prosesləri paralel olaraq izlədiyimiz zaman görürük ki, sayının artacağı təbiidir, amma say artdıqdan sonra bu dəfə keyfiyyətə diqqət yetirmək lazımdır. Keyfiyyətə fokuslanma prosesinin işləməsinə baxdığımızda müəyyən sahələrdə ixtisaslaşan universitet anlayışı ön plana çıxır. Əvvəlki vəzifələrimdə də bunu təmin etməyə çalışmışam. Yeni universitetlər yaradılmalıdır, lakin onlar müəyyən sahələrə fokuslanmalıdırlar.

“Ankarada sosial elmlərə əsaslanan bir universitetin olması çox vacib idi”

- Hocam, bir az da dəqiq ifadə etsək?..

- Məsələn, səhiyyə sahəsində, mühəndislik, texnologiya kimi fənlərdə ixtisaslaşma olsun. Sosial elmlərə ixtisaslaşan universitetlər olsun.

Düşünürəm ki, bu ixtisaslaşmanı ən azı ilkin səviyyədə reallaşdırmış ola bilərik. Başqa bir məsələ, təəssüf ki, şərq cəmiyyətlərində sosial elmlərə qarşı maraq azdır. Dəqiq elmlər, mühəndislik və sağlamlıq kimi elm sahələri həmişə sosial elmlərdən irəlidə sayılır. Ancaq Qərb cəmiyyətlərinə nəzər saldıqda belə bir kateqoriya yoxdur. Orada sosial elmlər digər elm sahələri ilə bərabər qəbul edilir, resurslar ayrılır, tədqiqatlar aparılır.

Bizdə isə sosial elmlər universitet strukturu baxımından bir az geridə qaldı. Bu, təkcə bizim üçün belə deyil. Bizimlə eyni mədəniyyətə malik bir çox ölkələrdə oxşar vəziyyət var. Ona görə də, Ankarada sosial elmlərə əsaslanan bir universitetin olması çox vacib idi. Bölünmənin mühüm səbəblərindən biri də, tələbə və işçi sayı baxımından yüz minə yaxınlaşan bir böyüklüyün ortaya çıxması idi...

- Bəs bu vəziyyət nə kimi problem yaradırdı?

- Belə deyək; bu, həm idarəçilər, menecerlər, həm də büdcə, işçi heyəti və buna bənzər planlaşdırma baxımından idarə edilən olmur. Ona görə də, universitetlərin bu şəkildə bölünməsi həm müəyyən sahələr üzrə ixtisaslaşmaq, həm də onları idarə oluna bilən ölçüyə salmaq baxımından ön plana çıxdı. Belə universitetlərdən biri də Qazi Universiteti idi.

Qazi Universitetində səhiyyə, mühəndislik və sosial elmlər bölmələri var idi. 80 minə yaxın tələbəsi və 5 mindən çox pedaqoji heyəti olan bir universitet idi. Vəziyyət belə olunca, Qazi Universitetinin tematik hala gətirilməsi ön plana çıxdı. Bu mənada Ankara Hacı Bayram Vəli Universiteti Qazi Universitetindən Sosial elmlər və incəsənətlə bağlı bölmələrin alınaraq fərqli bir universitet yaradılması nəticəsində meydana gəldi.

“Universiteti daha yüksək səviyyəli mövqeyə daşımaq üçün səy göstəririk”

- Universitet olaraq, qarşınızda nə kimi məqsədiniz var?

- 2018-ci ildə qurulan universitetimizin vizyonu və əsas məqsədi: Türkiyədə sosial elmlər və sənət baxımından öndə gedən bir universitet olması, ayrıca, bu sahədə akademik yeniliklərə öncülük etmək. Mən qurucu rektor kimi 2018-ci ildə burada işə başlamışam. Hazırda bu vizyona uyğun olaraq universiteti daha yüksək səviyyəli mövqeyə daşımaq üçün səy göstəririk.

- Hörmətli rektor, necə düşünürsünüz,  keyfiyyətli universitet nədir?

- İzah edim: Universitet ölkədə yaşanan problemlərə həll yolları istehsal etmək gücünə malikdirmi? Akademik olaraq hazırlanan məlumatlar ölkənin problemlərinin həllinə töhfə verirmi?  Mən buna baxıram. Universitetlərin keyfiyyəti onların cəmiyyətə, dövlətə, ölkəyə verdiyi əlavə dəyər və elmə verdiyi töhfələrlə ölçülür. Əgər o, əlavə dəyər yaradırsa, mənim fikrimcə, o universitet ixtisaslı universitetdir. Əlavə dəyər yaratmırsa, o universitet israfdır, ixtisaslı universitet deyil. Bu mənada, biz bir universitet olaraq təkcə akademik biliklər deyil, həm də istehsal etdiyimiz biliklərin cəmiyyətə, dövlətə, ölkəyə və regiona faydalı ola bilməsini hədəfləyirik. Mənim nəzərimdə keyfiyyətli universitet budur.

“Azərbaycanın bir çox universitetləri ilə əməkdaşlıq protokollarımız var”

- Türkiyədə qədim tarixə malik çox nüfuzlu universitetlər var. Ankara Hacı Bayram Vəli Universiteti isə yeni yaradılıb. Universitetinizi tanıtmaq baxımından hansı işlər görürsünüz?

- İndi belə universitetlərin tanınması üçün 2-3 illik bir müddətdə universiteti tanıtdığımızı demək xəyaldır. Məqsədimiz on il ərzində maraq dairəmizdə olan bölgələrdən tələbələri cəlb etməkdir: Biri Orta Asiya Türk Cümhuriyyətləri, digəri isə Şimali Afrika. Biz buraya diqqətimizi  yönəltdik və oradakı akademik dairələrlə də bir çox əməkdaşlıq protokolları imzaladıq. Məsələn, Azərbaycanın bir çox universitetləri ilə əməkdaşlıq protokollarımız, akademik əməkdaşlığımız, dəyişim proqramlarımız var. Biz bunu çox sağlam şəkildə edirik. Ayrıca, ölkə səfirlikləri vasitəsilə də təbliğat işlərimizi həyata keçiririk. Xaricdən Türkiyəyə tələbə gətirmək səlahiyyətinə malik olan Xaricdəki Türklər və Əqraba İcmaları Başkanlığı ilə (YTB) çox sıx əməkdaşlığımız var. Xeyli sayda əcnəbi tələbələrimiz var...

- Xarici tələbələr üçün DİLMER-iniz var...

- Bəli, biz “DİLMER”də çox şey edirik. Daha bir struktur var ki, onun missiyasını da öz üzərimizə götürmüşük (Red.: Türkiyə və Yaxın Şərq üçün Dövlət İdarəçilik İnstitutu). TODAİE bu bölgədəki ölkələrə idarəçilər hazırlamaq üçün nəzərdə tutulmuşdur. Biz də onun missiyasını öz üzərimizə götürdük. Demək istədiyim odur ki, biz tələbələrdən əlavə də bu cür işlər görürük. Bölgələrdən Türkiyəyə gələn idarəçilərə qısa və ya orta müddətli təlimlər veririk.

“Müasir inkişafları izləmək lazımdır”

- Siz Türkiyə Təhsil Nazirliyində müşavir vəzifəsindəykən yeni təhsil siyasətinin yaradılması istiqamətində mühüm işlər görmüsünüz.

- Bəli. Mən universiteti bitirdikdən sonra elmi fəaliyyətə başladım. Sonra müəllim oldum. 2011-ci ildə universitetdən dövlət qulluğuna keçdim. İki ilə yaxın nazir müavini olmuşam. Daha sonra 2013-cü ildən 2018-ci ilin avqust ayına kimi təhsil nazirinin müşaviri vəzifəsində çalışdım. Mən Türkiyədə təhsil sisteminin əsas idarəçilərindən biri olmuşam. Təhsil siyasətlərinin yaradıldığı, həyata keçirildiyi, maraqlı tərəflərlə paylaşıldığı və təşviq edildiyi bir vəzifədə olmuşam.

Həmin müddətdə gördüyüm işlərdən birini sizə deyim, bu da çox vacibdir. İndi dövlətlər qurularkən, təhsil fəlsəfəsini də qurur, dövlətin məktəblərdəki təhsildən istədiyi şey çəkdiyi profildə vətəndaş yetişdirməkdir. Bu məsələlər dünyada çox sürətlə inkişaf edən prosesdir. Müasir inkişafları izləmək lazımdır; Həm təhsil proqramları, vasitələr baxımından, material baxımından izləmək, həm də tez-tez transformasiya etmək lazımdır. Uzun illər bu məsələlərlə bağlı o fəlsəfə davam etdi. 2015-ci ildə bir prosesə başladıq və bu tədris proqramına yenidən baxacağımızı dedik. Tədris proqramına dəyişiklik və 2017-ci ildə tətbiq etdik. Bu tədris proqramı dəyişikliyində aşağıdakıları proqnozlaşdırdıq; 1)Müasir inkişafların sistemə inteqrasiyası. 2)Vaxt keçdikcə uşaqlar üçün həddindən artıq yüklənmənin qarşısını alan bir kurikulum yaradıldı. Biz də Türkiyə dövlətinin vətəndaşı olmağın tələb etdiyi həssaslıqları və dəyərləri tədris proqramına daxil etmək üçün səy göstərdik. Bu da mənim üçün vacib məsələ idi.

Yenə bu dövrdə, Türkiyə Cümhuriyyətində təxminən 70 min məktəb və təxminən 700 min sinif otağının hər birində “ağıllı lövhə”lər quraşdırdıq. Müəllim daha təbaşirlə dərs demir.  Dərs zamanı interaktiv lövhələrlərdən istifadə edir. Hazırda interaktiv lövhələr Türkiyənin bütün məktəblərində quraşdırılıb. Eynilə, fiberoptik şəbəkələr vasitəsilə bütün məktəblərə internetə çıxış xidməti  də mövcuddur.  Nazirliyin sistemində köməkçi materiallar var, müəllimlər dərsi izah etmək üçün EBA-ya yüklənmiş köməkçi videolardan istifadə edə bilirlər. Təhsil Nazirliyi (bu materiallar Təhsil Nazirliyi tərəfindən testdən keçib; həm pedaqoji, həm  də metodik cəhətdən) onları açır, mühazirə oxuyandan sonra əlavə dəstək verir. Hazırda bütün məktəblərimizdə internetə çıxış xidməti var və onların hamısını dövlət mərkəzi büdcədən ödəyir. Bütün bunları biz müşavir kimi beş illik müddət ərzində etdik. Ona görə də, biz təhsil siyasətinin formalaşmasına və həyata keçirilməsinə ciddi töhfələr verdiyimizi söyləyə bilərik.

“Bu təhlilləri uzun müddət sonra görmək olar”

- Yaxşı, hocam, sizcə, bu çalışmalar bugünkü təhsil sisteminin inkişafına nə dərəcədə töhfə verdi? Necə bir dəyişim oldu?

- Təbii ki, bu təhlilləri uzun müddət sonra görmək olar. 2017-ci ildə tədris proqramında dəyişiklik edildikdən sonra bu sistemdə təhsil alan ən azı bir nəsil məzun olmalıdır. Bununla belə, dəyişikliyi təxminən belə etdik: 1)Uşaqlarımız gərəksiz və həddindən artıq məlumatları öyrənmək məcburiyyətində qalmadı. Bu, vacibdir. 2)Uşaqlarımızın dərsdə öyrəndiklərinin onların sosial həyatına necə töhfə verəcəyi ilə bağlı tədris proqramında analitik təfəkkür, analitik düşünmə bacarıqlarını yerləşdirdik.

Əvvəllər belə deyildi; Uşaq bir şey öyrənirdi, amma faydası varmıydı? Tədris proqramında onun analitik qarşılığını verməyə çalışdıq. Daha da önəmlisi, bütün dərslərin tədris proqramında bu cəmiyyəti bir arada tutan, cəmiyyətin quruluşunu gələcək nəsillərə ötürən əsas istinad dəyərlərimizi uşaqlarımıza verməyə çalışdıq. Yəni, biz necə millətik, hansı xüsusiyyətlərimiz özümüzü millət kimi müəyyənləşdirməyimizi tələb edir? Bu millətin davam etməsi üçün uşaqlardan, tələbələrdən, gənclərdən gözləntilərimiz nədir? Dərslərdə bunları üstüörtülü və ya açıq şəkildə uşaqlarımıza öyrətməyə çalışdıq. Bizim proqnozumuz budur ki, bir nəsil bu təhsili aldıqdan sonra bu, daha ölçülə bilən olacaq.

“Biz cəmiyyətin bütün təbəqələrinin fikirlərini aldıq”

- Bəs, sizcə, gənclər bu tədris proqramı dəyişiklikləri nəticəsində gözlədiklərini əldə etdilərmi?

- Biz tədris proqramına dəyişiklik edərkən 200 minə yaxın insanın fikrini aldıq. Bunun içində şagirdlər, yəni hazırda Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdə oxuyanlar var, oradan məzun olan universitet tələbələri var, valideynlər, müəllimlər, məktəb rəhbərləri, akademiklər var. Onların hamısı ilə qruplar şəklində müsahibə aparıldı, seminarlar təşkil etdik və onların yeni tədris proqramından gözləntilərini aldıq.

Tədris proqramı sizi qane edirmi? - sualını verdik. Hansı dəyişikliklərə ehtiyac olduğunu soruşduq. Bu qədər insanın rəyini aldıqdan sonra nazirlikdə oturduq, bu təklifləri sıraladıq və fikirləri həyata keçirməyə çalışdıq. Biz bunu edərkən cəmiyyətin bütün təbəqələrinin fikirlərini aldıq. Mətn formalaşdıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinə göndərdik. Ziyalı dairələr, həmkarlar ittifaqları, universitetlər, qeyri-hökumət təşkilatlarından münasibət soruşduq. Bu da kifayət etmədi, bitdikdən sonra onu bu dəfə nazirliyin internet səhifəsində istifadəyə verdik. İstəyən oradan baxıb öz rəy və təkliflərini bizə göndərə bildi. Beləliklə, müxtəlif seqmentlərin də fikirlərini öyrənmiş olduq.

“Valideyn övladını sizə əmanət edir”

- Hörmətli rektor, dünya təhsil sistemlərinə nəzər saldıqda, bu gün təhsil sistemləri  idarəçilərdən nə kimi keyfiyyətlər tələb edir?

- İndi təhsil idarəediciləri digər sahələrdən çox fərqli profilə sahib olmalıdır. Çünki digər sektorlardakı idarəedicilər bilik və yetkinlik səviyyəsi yüksək olan insanlarla işləyir. Amma təhsil idarəsi belə deyil. Təhsil idarəsi deyəndə iki qrup var ki, onları yönləndirmək lazımdır. Onlar kimdir? 1)Müəllim və digər çalışanlar.  2)Təhsilalanlar - Siz şagirdləri/tələbələri eyni məntiqlə idarə edə bilməzsiniz. Təhsilalanları necə idarə edəcəksiniz? Onlara peşəkar idarəçi kimi yox, ana, ata, böyük qardaş, bacı məntiqi ilə yaxınlaşıb idarə edə bilərsiniz. Bu keyfiyyəti təhsil menecerinə qazandırmaq lazımdır.

- Valideyn də var...

- Bəli, bu da var... Ən sıxıntılı məsələlərdən biridir. Çünki valideyn dediyimiz şəxs öz övladını sizə əmanət edir. Təhsil idarəçisinə deyir: Bu uşağın anası və ya atası olun. Bu uşaq tək uşaqdır, bunun üçün bacı-qardaş ol.  Ona müəllim olmaq kifayət etmir. Sizi çoxlu rollar gözləyir: dost, ana, ata, bacı, qardaş və s. Onların hamısı məktəbdən və müəllimdən, yəni, təhsil sistemindən gözlənilir. Bunlardan hər hansı biri əskik olduqda təhsil idarəçisi tənqid edilir. Ona görə də düşünürəm ki, təhsil idarəçisinin idarə etməkdə ən çox çətinlik çəkəcəyi qrup valideynlərdir. Mənim təcrübəm bunu göstərir.

Dünyanın bənzər ölkələri ilə danışanda, bir çox müxbirimiz və həmkarlarımızla söhbət edəndə görürük ki, bütün dünyada əsas problem budur. Yəni, belə düşünün, valideynlər uşaqlarının, məsələn, həkim və ya mühəndis olmağını planlaşdırır. Sonra təhsil müdirinin yanına gəlir, deyir, uşağımı həkim elə, mühəndis elə. Əgər bunu bacarmırsınızsa, sizi uğursuz hesab edir. Deyirsən ki, “Bax, əziz valideyn, sənin övladının qabiliyyəti fərqlidir. İnkar edir, deyir, “xeyr, mütləq etməlisiniz”. Təhsil idarəedicisi burada empatiya qura bilən, cəmiyyətin həssaslığını çox yaxşı öyrənə bilən insan olmalıdır. Yalnız klassik qanunvericiliklə hərəkət edən təhsil idarəçisinin uğur şansı yoxdur. Uğur qazanacaq təhsil inzibatçısı bütün bu kütləni - müəllimləri, işçiləri, şagirdləri və valideynləri idarə edə biləcək, onların dilini anlayacaq, onlarla rahat ünsiyyət qura bilən profilə malik olmalıdır.

“Bizim ortaq mədəniyyətimiz, tariximiz, dilimiz var”

- Azərbaycan-Türkiyə təhsil əlaqələrinə töhfəniz...

- Bizim ortaq tariximiz, ortaq mədəniyyətimiz, ortaq dilimiz var. Biz Azərbaycan və bölgədəki digər Türk Cümhuriyyəti ölkələri ilə ciddi təhsil əlaqələri qurmağa çalışırıq. Əvvəlki vəzifələrimdə də buna çalışdıq. Hətta təklif etdim ki, heç olmasa, ortaq tarix proqramı yaradaq, ümumi tarix dərsi  tədris edək. Biz belə bir prosesə başladıq, amma bilmirəm, hazırda vəziyyət necədir?! Bu, bizim ən vacib işlərimizdən biridir. Biz bunu etməliyik!

- Hörmətli rektor, ümid edirəm, iki ölkə arasında təhsil əlaqələrinin ciddi nöqtələrə çatması üçün başlatdığınız çalışmalarınızın müsbət nəticələrini yaxın zamanda görə biləcəyik.

- İnşallah!..

- Son olaraq, suallarımı ətraflı cavablandırdığınız üçün Sizə təşəkkür edirəm!

- Mən təşəkkür edirəm!..

Şəhla ASLAN,

araşdırmacı yazar, təhsil araşdırmaları üzrə doktorant

Xəbər lenti