Söz xiridarı olmaq, onun mənalar aləmində gəzişmələr etmək, sehirli obrazlar yarada bilmək bir istedaddır. Şairlər belə istedadlı insanlardan biri kimi xüsusilə seçilirlər. Onlar sözlərdən məna çələngi toxuyur, şeiriyyət aləmini bəzəyirlər. Allahın bir lütfü kimi gözəlliyə gözəllik qatırlar. Xeyirxahlıq etməkdən və insanlara fayda verməkdən ləzzət alırlar. İstedadlı şair, gözəl insan, Əməkdar müəllim Əyyub Şirlanlı belələrindəndir.
Tanışlıq
Mən onun bir şair olaraq imzasını çoxdan tanıyırdım. Vətənpərvərlik duyğuları ilə yazılmış səmimi və qəlboxşayan şeirlərini davamlı olaraq izləyirdim. Lakin bir tədbir bizi daha da yaxından tanış etdi. Şuşa 1 nömrəli məktəbdə yeni fənn kurikulumları ilə bağlı tədbir keçirilirdi. Orada ustad dərsləri dinləməli olduq. XI sinifdə ədəbiyyatdan Əyyub müəllimin ustad dərsini dinlədik. Dərs müasir tələblərə uyğun olaraq peşəkarlıqla təşkil olundu. Şagirdlərin yüksək fəallığı şəraitində quruldu. Uşaqlar sinifdaxili diskussiyaya qoşularaq maraqlı iştirakçılar kimi özlərini təqdim etdilər. Ən başlıcası Əyyub müəllim özünün düşündürücü sualları ilə şagirdləri istiqamətləndirməklə yanaşı, lirik və epik haşiyələrə çıxır, son dərəcə təsirli əlavələr edərək uşaqları istiqamətləndirir, onların fikir və mülahizələrini qüvvətləndirməklə motivasiya edirdi. Həm də gətirdiyi poetik nümunələrin fonunda şagirdlərdə bədii dilə praktik olaraq münasibət formalaşdırmağa çalışırdı. Mən o zaman söz sərrafı olan şair xislətli insanların bir ədəbiyyat müəllimi kimi təsir gücünün dərsdə şahidi oldum və ona heyran qaldım.
Əyyub Şirlanlı (Əbdüləzimov Əyyub Şəfahət oğlu) 1947-ci ildə Azərbaycanın dilbər guşəsi olan Şuşanın axarlı-baxarlı kəndlərindən birində - Şirlanda anadan olub. 1966-cı ildə Üzeyir Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli məktəbi bitirib. Müəllimliyə olan həvəsi onu pedaqoji təhsil almağa sövq edib. Əvvəl, Şuşa Pedaqoji Məktəbini (1970), sonra Xankəndi Pedaqoji İnstitutunu (1977) başa vurub. O, müəllim, direktor müavini, Şuşa rayonu üzrə mədəniyyət evinin, təhsil şöbəsinin müdiri vəzifələrində çalışıb. İşlədiyi dövrdə “Metodist müəllim” (1970), “Ali kateqoriyalı müəllim” (1994), “İlin ən yaxşı məktəb inspektoru” (2000), “Ustad müəllim” (2013), “Əməkdar müəllim” (2014) adlarına, “Tərəqqi” (2012) medalına layiq görülüb. Həmçinin işlədiyi illərdə vəzifələri dəyişsə də, yalnız bir keyfiyyəti-şairliyi dəyişməyib, həmişə onunla birgə addımlayıb, şəxsiyyətinə şərəf və şərafət, yeni uğurlar gətirib. Cəmiyyətdəki mövqeyini lirik duyğular şairi kimi möhkəmləndirib. Çoxlu sayda əsərlərin, o cümlədən şeirlərin, poemaların müəllifi kimi tanınıb. Həmçinin əsərləri tərcümə olunaraq Türkiyə, İspaniya, Ukrayna, Litva, İran, Rusiya və Gürcüstanda nəşr edilib. Müxtəlif zamanlarda radio və televiziya verilişlərində çıxışlar edib, diplom və fəxri fərmanlarla, digər mükafatlarla təltif olunub.
Onun poetik dünyasının zirvəsi
Əyyub Şirlanlı ana təbiətin qoynunda doğulub boya-başa çatdığı üçün onun bütün varlığını özündə ehtiva edir. Bir şair olaraq həmişə təbiətin gözəlliklərindən həzz almaqla onu tərənnüm etməkdən doymur. Özü də məmnuniyyətlə etiraf edir ki, “...ana təbiət mənim poetik dünyamın zirvəsidir. Mən orada daha rahat nəfəs alıram”. Onun haqqında fikir söyləyən mütəxəssislər də bu məsələni xüsusi olaraq vurğulayırlar: “Onun bütün yazılarında, şeir və poemalarında Qarabağın gül-çiçəyinin ətri, Ağabəyimağa və Xan qızı Natəvanın ürək sıxıntıları, Qasım bəy Zakirin üsyankarlığı duyulmaqdadır”.
Əslində o, təbiət, həyat şairidir. Qəlbində dünyanın həyati gözəlliklərinə olan böyük bir məhəbbət gəzdirir. “Dağlarım”, “Mən dağların oğluyam” kimi şeirlərində fəxarət simvolu olan dağlara müraciət edir. Klassik şair babalarımızın ənənələrinə sadiq qalaraq vətən timsalında olan dağların obrazlarını yaradır. Onlara böyük bir sevgi ehtiramını ifadə edir.
Çıxmışam vətənin seyrəngahına
Düzüb yollarına səməni dağlar!
Ayaq saxlamışam-ötəri keçsəm,
Yığar süfrəsindən çəməni dağlar.
Həm də o dağlara qürur mənbəyi kimi yanaşır, özünü onun övladı hesab edir. Şirlanda doğulduğundan, Qarabağın gözəllikləri içərisində dünyaya gəldiyindən qürurlanır.
Dağların qucağında - Şirlan adlı obada,
Qarabağ mahalında dünyaya göz açmışam.
Taladakı ceyranın, meşədəki cüyürün,
Zirvədəki qartalın arxasınca qaçmışam,
- Mən dağların oğluyam!
Şairin ilham mənbəyi də elə ana təbiətdir. O, varlığın üzük qaşı, gözəllər gözəli olan ana təbiətin ahəngində süslənir, onun möhtəşəm gözəlliyinin pozulmasına razı olmur. Hətta ovçunun belə güllə atmasını istəmir. Ona görə də ixtiyarı olaraq
Ovçu, güllə atma dağ təkəsinə,
Ana təbiətdən güc alıram mən.
- deyir.
Dağlar vətənin möhtəşəm simvoludur. Əyilməyən, qüdrətdən qalalı olan bu dağların əsrlərin yaşıdı kimi dayanması nə qədər fərəh gətiricidirsə, onların sevənlərdən ayrı düşməsi, ayrılıq həsrəti yaşaması o qədər nisgillidir. Bu nisgili hiss edən şair böyük narahatçılıq hissi ilə belə bir poetik ümumiləşdirmə aparır:
Bilmirəm hayandan salım ki, yolu
Görməyim kədərin uca dağların.
“Qarabağ-yurdumun gülüstanı”
Doğma yurdumuz olan Azərbaycan başdan-başa gözəlliklər diyarıdır. Onun hər qarışında sehirli, cazibədar bir yaraşıq var. Qarabağ bu gözəlliklərin üzük qaşıdır. Sənətkarlarımız Qarabağı vəsf eləməkdən doymurlar. Əyyub Şirlanlı da Qarabağı tərənnüm eləməkdən zövq alır. Həm də bir qarabağlı kimi onun gözəlliklərinə vurğunluğunu heyranlıqla vəsf edir. Əslində Qarabağ mövzusu onun yaradıcılığının leytmotivini təşkil edir. Həm də Qarabağın onilliklər boyu həbsi, düşmən tapdağında qalması ona dərd olur. Həsrəti ürəyində qübar bağlayır.
Hərdən mənə elə gəlir dağların
Buz suların ovuclayıb içirəm.
Yuxularda durnalara qoşulub
Ana yurdum Qarabağa köçürəm.
- deyə düşündüklərini qələmə alır.
Əyyub Şirlanlının poetik düşüncələrinin mərkəzində vətən, yurd həsrəti, Qarabağ, Şuşa dərdi dayanır. “Qarabağ”, “Topxanadan haray çəkir Xarı bülbül”, “Şuşaya gəlməlisən”, “Şuşa adlı şəhər niyə dardadır”, “Şuşanın”, “Şuşa adlı şəhər var”, “Nədən doysam da, yurddan doymaram”, “Gedim Qarabağın ellərin görüm”, “Şuşadan cibimdə bir kibrit gəlib”, “Şuşanın gözləri yollarda qalıb” və s. şeir və lirik poemalarında bu dərdin poetik obrazını yaradır. Onu təkcə özünün deyil, xalqımızın, bütövlükdə türk dünyasının dərdi kimi ümumiləşdirir.
Qarabağdan danışan şair onun qənirsiz gözəlliyindən vəcdə gələrək “Qarabağ yurdumun ləl külçəsidir. Tarix yaddaşının fəlsəfəsidir, Qarabağ yurdumun gülüstanı, ...cənnətin bir dastanıdır” - deyir.
Şirlanda dünyaya göz açan şair özünün doğma kəndindən dünyanın gözəlliklərinə boylanır. Şuşanı dünyanın yüksəklikləri ilə müqayisə edərək onu ən yuxarıda ulduzların cərgəsində görür:
Everest zirvələr şahı olsa da,
Şuşa ulduzların zirvəsindədir.
Şair Qarabağın işğalı dövründə hər gün bu nisgillə yaşayır, onu gecələr yuxularında görür.
Qarabağ zirvəsində,
Şəlalənin səsində,
Düşmənin qəfəsində
Şuşa adlı şəhər var.
Amma şair həm də nikbin bir tərzdə əminliklə deyir ki, “Şuşa Qarabağın himninə çevriləcək”. Sanki o Şuşanın düşməndən azad olunaraq dünyanın nəzər nöqtəsinə çevriləcəyini, möhtəşəm bir mədəniyyət mərkəzi olacağını əvvəlcədən görür, hiss edir.
Söz aşiqi
Ə.Şirlanlı həm də söz aşiqidir. Onun qədir-qiymətini bilən, məna xəzinəsinə varid olaraq ondan qədərincə və yetərincə istifadə etməyi bacaran bir sənətkardır. O, sözü öz duyğularında bəsləyir, onun bənzərsizliyini görür, kəşf edir. Söz hər kəsin olsa da, hər kəs sözü qiymətləndirə bilməz. Ona görə də belə qənaətə gəlir ki,
Sözə qiymət vermək üçün
Gərək sözü dərk edəsən.
Sözün ən etibarlı sirdaşı şairlərdir. Əyyub Şirlanlı öz poeziyasında şairə böyük dəyər verir. Onun düşüncəsində şairsiz dünya heçdir. Şairlər cəmiyyətin yaraşığıdır, həqiqətə işıq saçan mayakdır. Həm də gül-çiçəkdir, yanan çıraqdır, ləl-cəvahirdir. Qüdsiyyəti olan varlıqlardır. Ona görə də tərəddüd etmədən onun daxilindən belə bir poetik nida səslənir: şairləri hakim seçin ki, sözə qiymət versinlər. Sözdən saray qursunlar.
Əyyub Şirlanlının anlamında şairlər adi insanlar deyillər. Onlar sonsuz səmadan yerə bal tək süzülüblər, nadir incilərə çevriliblər.
Şairin həyat fəlsəfəsi
Əyyub Şirlanlı “qoca dünyanın yetirməsiyəm” - deyə şeirlərində əbədi dünyanın gözəllikləri ilə yanaşı, ziddiyyətli məqamların olmasına da diqqət yetirir. Dünyanın daimi olmasını, insanların isə bir gün köçəcəyi barədə düşünür. Və belə qənaətə gəlir ki,
Elə düşünmə ki, hər şey sənindir,
Fələyin insanı yıxan günü var.
Çalış ki, fələkdən çox şey istəmə,
Yarımçıq qalacaq bil ki, arzular.
İnsan arzuları ilə qanadlanır, fərəhlənir. Həm də bu arzuların nəhayəti olmur. Arzudan arzu doğur. Ona görə də arzular nəhayətsiz göylər kimi dərinliyə varır, lakin bitmir, tükənmir.
Şair həm də “Yolçu babayam, dünya görmüşəm” - deyə təcrübəli bir insan kimi özünü haqqın, ədalətin carçısı adlandırır. Həmçinin insan əxlaqına yaraşmayan keyfiyyətləri pisləyir, onlardan uzaq durmağı hər kəsə tövsiyə edir. Həm də bu eybəcərliklərin poetik ifadəsini tapır:
Yaltaqda ləyaqət axtarmayın siz,
Yaltaq ilan təki yolla sürünür.
O, həm də gənclərə üzünü tutaraq belə sözləri onlara aqilcəsinə bir qoca nəsihəti kimi deyir.
Kasıba, əlilə gülmə, ilişmə,
Yersiz cavab verib, sual soruşma.
Gücsüz adamlarla heç vaxt vuruşma,
Kərkinin tərsinə yonan vaxtı var.
Bütün bunlar şairin şeir bağından yenicə dərilmiş, təzə tər güllər kimi ətir saçır. İnsanların zövqünü oxşayır, əxlaqını saflaşdırır.
2022-ci il Əyyub Şirlanlı üçün adi illərdən biri deyil. Onun Əməkdar müəllim, istedadlı şair kimi ömrünün 75 illik bir hesabat dövrüdür. Biz bu münasibətlə ona ən xoş və səmimi duyğularımızı ifadə edirik. Ən başlıcası, cansağlığı, xoşbəxtlik, daha böyük yaradıcılıq uğurları arzulayırıq.
Ənvər ABBASOV,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent