Logo

“Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhlükə kimi” mövzusunda konfrans - FOTO

04.11.2022 17:25 373 baxış
IMG

Noyabrın 4-də Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhlükə kimi” mövzusunda konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, kədbirdə təşkilatçı qurumların rəsmi şəxsləri, dini icma sədrləri və din xadimləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Quba RİH başçısının birinci müavini Tariyel İbrahimov dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dinin siyasiləşdirilməsi cəhdlərinə, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda birgə tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

DQİDK sədrinin müavini Sahib Nağıyev dünyəvi dövlət prinsiplərinin zəiflədilməsi, ekstremist, radikal və məzhəbçi təbliğat və təşviqatın aparılması, siyasi fəaliyyətin və maraqların həyata keçirilməsində din və dindar amilindən istifadə olunması, dini kimliyin milli kimliyi üstələməsi və başqa çoxşaxəli proseslər nəticəsində təzahür edən dinin siyasiləşdirilməsi tendensiyası dövlət maraqları baxımından son dərəcə təhlükəli olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bəzən dindən siyasi məqsədlər üçün istifadə olunur, insanları xurafata, dini fanatizmə sürükləməyə cəhd göstərilir, din pərdəsi altında radikal və ekstremist meyillər mənəvi cəhətdən sağlam həyat tərzini və vətəndaş həmrəyliyini pozmağa, xalqın tarixi ənənələrinə, milli düşüncə sisteminə zərbə vurmağa hədəflənir. Bu baxımdan dini radikalizm və ekstremizm vətəndaş cəmiyyəti, dünyəvi, hüquqi, demokratik dövlət üçün təhlükə mənbəyi hesab edilir. Azərbaycan cəmiyyətinin dinə mənəvi prizmadan yanaşaraq, onun siyasiləşməsinin tərəfdarı olmadığını bildirən sədr müavini ölkəmizdə tolerant və multikultural ənənələrin hökm sürdüyünü, müxtəlif dini konfessiyalar və məzhəblər arasında sağlam dostluq münasibətlərinin mövcud olduğunu deyib. Sahib Nağıyev, həmçinin vurğulayıb ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə dini sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, ölkədə tolerantlıq mühiti, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük daha da inkişaf etdirilir.

Çıxış edən Baş Prokurorluğun nümayəndəsi Qədir Məmmədov, DİN-in şöbə rəisi Oqtay Tağıyev ölkəmiz üçün dinin siyasiləşdirilməsi təhlükəsinin o qədər də aktual olmadığını, buna baxmayaraq,  Azərbaycanın müstəqil daxili və xarici siyasətinə müxtəlif yollarla təsir etməyə cəhd göstərən, onun uğurlarını gözü götürməyən  kənar dairələrə qarşı effektiv mübarizə aparıldığını bildiriblər.

Tədbir müzakirələrlə yekunlaşıb.

Xəbər lenti