Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 noyabr – Zəfər Gününə həsr olunan tədbir təşkil olunub.
Tehsil.biz xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.
Çıxış edən Universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbədən, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətindən, xalq-iqtidar-ordu birliyindən danışıb. Bildirib ki, xalqımız 30 il ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşayıb, Qələbə müjdəsini gözləyib. Nəhayət ki, 30 illik arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq.
Sonra Universitetin tələbəsi, Vətən müharibəsi iştirakçısı Eşqin Bayramov Vətən müharibəsində Zəfər qazanan Azərbaycan Ordusunun tarixi qələbəsindən danışıb, şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
Sonda tələbələrin hazırladığı bədii hissə tədbir iştirakçılarına nümayiş olunub.