Lənkəran Dövlət Universitetinin (LDU) “Tarix-coğrafiya və incəsənət” fakültəsində 8 noyabr “Zəfər Günü” və 9 noyabr “Bayraq Günü” ilə əlaqədar “Zəfər Günü tarixi qələbəmizdir” adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, professor-müəllim heyəti, tələbələrlə birgə tədbirdə I və II Qarabağ müharibəsi iştirakçıları da iştirak edib.
Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin müqəddəs xatirəsini 1 dəqiqəlik sükutla ehtiramla yad ediblər.
Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Məmmədov Azərbaycan tarixinin şərəf salnaməsi olan 8 Noyabr- Zəfər Günü və 9 Noyabr- Bayraq Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımıza Zəfər sevincini yaşadan şəhid və qazilərimizin hər cür ehtirama layiq olduğunu bildirib. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında erməni qəsbkarları üzərində qazanılan tarixi qələbədən, ordumuzun 44 günlük Zəfər yürüşündən danışan Zaur Məmmədov Dövlət Bayrağı Gününün təsis edilməsi ilə əlaqədar ölkə başçısının 2009-cu il 17 noyabr tarixli sərəncamından, onun əhəmiyyətindən də ətraflı söz açıb.
Tədbirdə Tarix-coğrafiya və incəsənət fakültəsinin dosenti Emin Məlikovun mövzu ilə bağlı geniş məruzəsi dinlənilib. Məruzəçi ermənilərin tarix boyu Azərbaycana qarşı apardıqları işğalçı siyasətdən, əsassız ərazi iddialarından, I Qarabağ muharibəsi dövründə törətdikləri vəhşiliklərdən, 44 günlük Vətən muharibəsi dövründə Azərbaycan ordusunun şücaətlərindən, əsgərlərimizin düşmənə qarşı haqq savaşında qəhrəmanlıqlarından ətraflı bəhs edib.
Məruzə ətrafında Tarix və onun tədrisi metodikası kafedrasının dosenti, müharibə veteranı Fəxrəddin Hüseyn, I Qarabağ müharibəsi veteranı Əlisəfa Ağayev, II Qarabağ muharibəsi iştirakçısı, Coğrafiya və onun tədrisi metodikası kafedrasının magistarantı Murad Hüseynov çıxış edərək keçdikləri döyüş yollarından, Zəfər gününün xaqlımız üçün böyük tarixi önəmindən söz açıblar. Coğrafiya və onun tədrisi metodikası kafedrasının I tədris ili magistarantı Turac Əliyeva Qarabağ bölgəsinin iqtisadi rayonları, flora və faunası, ermənilərin törətdiyi ekoloji terror barədə danışıb.
Sonda müharibə iştirakçıları ilə xatirə şəkilləri çəkilib.