Şanlı qələbəmizin ikinci ildönümü ilə əlaqədar olaraq, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda “8 Noyabr Xalqımızın Zəfər Günüdür” adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, institutun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, idarə, müəssisə, təşkilat rəhbərləri, tələbə və müəllim kollektivi iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Niyazi Bayramov çıxışında qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və xoş arzularını çatdırıb. O qeyd edib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan uğurları bir daha diqqətə çatdırıb, Rəşadətli Azərbaycan Ordusunun bu müharibədə göstərdiyi qəhrəmanlıqlar barədə geniş söhbət açıb.
Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk Azərbaycanın 44 günlük haqq savaşında Türkiyənin daim qardaş ölkəyə mənəvi dəstək olduğunu bildirib və tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən tarixçi alimlər Elnur Həsənov və Vəfa Musayeva torpaqlarımızın erməni işğalçılarından azad edilməsini Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsi olduğunu qeyd ediblər.
Daha sonra Zəfər tariximizdən bəhs edən videoçarx nümayiş olunub.