Logo

20 nömrəli məktəb-liseydə şagirdlər üçün ekoloji maarifləndirmə təlimləri keçirilir

12.02.2021 10:55 869 baxış
IMG

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə şagirdlər üçün ekoloji maarifləndirmə təlimləri keçirilir.

 

Təlimlərin keçirilməsinin əsas məqsədi məktəblilər arasında ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir.

 

20 nömrəli məktəb-liseyin psixoloqu Aqil Mübariz tərəfindən keçirilən təlimlər zamanı müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə şagirdlərə məlumatlar verilir. Bildirilir ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı ölkəmizdə məqsədyönlü işlər görülür. Həmçinin ətraf mühitin mühafizəsinə töhfə verməyin hər kəsin borcu olduğu diqqətə çatdırılır.

 

Təlimlər zamanı məişət tullantılarının təkrar emalının təbii resurslardan istifadəni minimuma endirdiyi şagirdlərin nəzərinə çatdırılır. Qeyd olunur ki, təkrar emal zamanı bir çox məmulatlar yararlı hala gətirilir və minimum itki ilə yenidən məişətə qayıdır.

 

Təlimlərdə təkrar emala yararlı kağız və plastik tullantıların yenidən istehsalına verə biləcəkləri dəstək barədə şagirdlərlə fikir mübadiləsi aparılır və onları maraqlandıran suallar cavablandırılır.

 

Qeyd edək ki, məktəb-lisey IDEA İctimai Birliyinin təşkilatçılığı, Təhsil Nazirliyi və SOCAR-ın dəstəyi ilə reallaşdırılan ən təhlükəli məişət tullantılarından biri hesab edilən istifadə olunmuş batareyaların xüsusi qutular vasitəsilə toplanması və çeşidlənməsi üzrə yeni layihəyə də qoşulub. Layihə çərcivəsində 20 nömrəli məktəb-liseydə şagirdlər arasında təbliğat-təşviqat işləri aparılır.

Xəbər lenti