Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Lerik rayon Piran kənd usaq bagçasinda Piran kəndində və rayonda yaşayan şəhid ailələrinin iştirakı ilə 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Bayraq Günü münasibətilə tədbir kecirilib.
Tehsil.biz xəbər verir ki, tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start götürüb. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Bağçanın müdiri Sevər Bayramova tədbirə qatılan şəhid ailə üzvlərini salamlayaraq iştiraka görə minnətdarlıq edib. I Qarabağ savaşında və 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı böyük qələbədən söz açıb, bu müzəffər qələbəyə görə xalqımızın şəhid oğullara və qazilərə daim minnətdar olacaqlarını deyib. Vətənpərvərlik tərbiyəsinin bağçadan başlandığını deyən Sevər Bayramova Lerik rayonunun igid oğullarının hünərindən söz açıb, onların qəhrəmanlıqlarının nəsil-nəsil xatırlanacağını bildirib, şəhid valideynlərinə belə qəhrəman övladlar tərbiyə etdiklərinə görə kollektiv adından minnətdarlıq edib.
Tədbir bağça uşaqlarının ifasında ədəbi-bədii kompozisiya ilə davam edib. Şəhidlərin şəkilləri həkk olunmuş köynəklərdə, üçrəngli Azərbaycan bayrağı ilə çıxış edən körpə fidanların vətənpərvərlik ruhlu kompozisiyası kövrək notlarla yaddaqalan olub, iştirakçıların xatirəsində dərin izlər buraxıb.
Qeyd edək ki, tədbirdə Piran kəndinin ilk şəhidi Vidadi Cabbarovun valideynləri Cəbrayıl və İradə Cabbarovlar, şəhid qardaşlar Altay və Elgünün ailə üzvləri, şəhid Təbriiz Talıbovun və Əliqismət Yaqublunun həyat yoldaşları övladları ilə birgə iştirak ediblər.