Göy, qırmızı, yaşıl. Milyonların sevdalısı olan müqəddəs Azərbaycan Bayrağı hər birimizin qürur mənbəyi, and yerimizdir. Bu müqəddəs bayraq uğrunda himnimizdə də deyildiyi kimi, minlərlə can qurban olub. Vətən müharibəsi zamanı xalqımızın üçrəngli bayrağa olan sonsuz məhəbbətini, bayraq ətrafında necə sıx birləşməyinin bir daha şahidi olduq. Mübariz xalqımızın vətəndaşları öz evlərini, avtomobillərini üçrəngli Azərbaycan bayrağına bürüdü.
Ali Baş Komandanın rəhbərliyi altındakı rəşadətli, müzəffər Azərbaycan ordusunda xidmət edən hər bir əsgərin uzun illər arzusu idiki azad olunmuş torpaqlarımıza Azərbaycan bayrağını sancsın. Çox şükür bu gün doğma Qarabağımızda, Şuşamızda Bayrağımız dalğalanır. Necə də gözəl hiss, duyğudur.
1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin qarşısında duran əsas vəzifələrdən biri də bayrağın təsis edilməsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verildi. Həmin qərara görə Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edildi. Nəzərinizə çatdırıram ki, qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi. 1918-ci il 15 sentyabrda Nuru paşanın başçılıq etdiyi Türk-İslam Ordusu Bakını düşmənlərdən azad etdikdən qısa müddət sonra-1918-ci il noyabrın 9-da hökumət tərəfindən göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan milli bayraq qəbul edildi. 1920-ci ildə çar Rusiyasının müstəmləkəçilik siyasətini davam etdirən bolşeviklər AXC-ni süquta uğratdıqdan sonra üçrəngli Azərbaycan bayrağı işğalçılar tərəfindən dəyişdirildi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və banisi Məmməd Əmin Rəsulzadənin də dediyi kimi “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözləri sübutunu tapdı. Bayrağımız enmədi, əksinə daha da ucalarda dalğalandı.
Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Ulu Öndərimiz Heydər Əliyev belə demişdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.Və belədə oldu bu xalq, bu millət bu müqəddəs bayraq altında birləşərək güclü ordumuzun yanında oldu və biz Qələbə qazanaraq bu gün Qalib Xalq, Qalib Dövlət kimi tarixə yazıldıq. İşğaldan azad edilmiş ərazilərimizdə öz canı, qanı bahasına bayrağımızı sancan, bu yolda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə möhkəm can sağlığı arzu edirəm. Bu xalq, bu dövlət var olduğu müddətdə müqəddəs Bayrağımız zirvələrdə dalğalanacaq.
Məmləkət İbrahimova