Logo

"Zəfər Günü tariximizə qızıl hərflərlə yazılıb"

06.11.2022 15:22 393 baxış
IMG

Hər bir xalqın tarixində, onun taleyüklü və mürəkkəb mərhələsində öz xilaskarlıq missiyası ilə xalqın, dövlətin, vətənin taleyini həll edən böyük şəxsiyyətlər olmuşdur.

Azərbaycan xalqı öz varlığını belə şəxsiyyətlərin zirvəsində duran ulu öndər Heydər Əliyevə borcludur. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz, xalqımız məhv olmaq təhlükəsindən xilas olmuş, böyük inkişaf yolu ilə inamla addımlamışdır. Heydər Əliyev özünün də söylədiyi kimi, milli mənsubiyyəti ilə, onu yetişdirmiş millətlə fəxr edən ən böyük azərbaycanlı idi. Ulu Öndərin siyasi kursunu uğurla reallaşdıran Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevirib, ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada rekord göstəricilərə malikdir. 

Böyük öndərin uzaqgörən siyasəti, bu siyasəti uğurla davam etdirən möhtərəm cənab prezident İlham Əliyev 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Müzəffər ali baş komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı işğaldan azad edərək böyük Zəfərə imza atdı. 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi 10 noyabr tarixində Ermənistanın kapitulyasiya aktına imza atması, düşmənin məğlubiyyəti ilə nəticələndi. 8 Noyabr tarixi mədəniyyət beşiyimiz Şuşa şəhərinin əlbəyaxa döyüş nəticəsində azad edilməsi müharibənin taleyini artıq həll etmişdi. Ulu öndər Heydər Əliyevin də böyük dəyər verdiyi Şuşa şəhərinin azad olunduğu gün, bu şəhərin böyük mədəni əhəmiyyəti nəzərə alınmaqla cənab prezident İlham Əliyevin sərəncamı ilə Zəfər Günü kimi qeyd olunur.

Tarixi Zəfərimizdən artıq iki il keçir. Azərbaycan xalqı bu günü böyük sevinc, qürur hissi ilə qeyd edir. Uşaqdan böyüyə hər həs Zəfər Bayramını xoşbəxt ruh ilə yaşayır.

Azərbaycan xalqı böyük Zəfəri bizə yaşadan Ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı, 44 günlük Vətən müharibəsinin müzəffər ali baş komandanı İlham Əliyevə və rəşadətli ordumuza, Vətənin bütövlüyü uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə, igid qazilərimizə, Vətən oğullarına sonsuza qədər minnətdar olacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bayramınız mübarək olsun!

İlham Məmmədov
Milli Məclisin deputatı

Xəbər lenti