Noyabrın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “44 günlük Vətən müharibəsi Azərbaycan xalqının zəfər tarixidir” mövzusunda mühazirə keçirilib.
Tehsil.biz xəbər verir ki, mühazirədə universitetin professor-müəllim heyəti üzvü, tələbə və magistrantları iştirak edib.
Əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova 44 günlük Vətən müharibəsində qazanılan qələbənin Azərbaycanın müstəqillik və qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən olduğunu diqqətə çatdırıb. Zəfərə gedən yolun ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü və xalqımızın sarsılmaz birliyindən keçdiyini qeyd edib. Gənclərin yüksək ixtisaslı kadr kimi formalaşması ilə yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyəsinin başlıca vəzifələrdən olduğunu bildirən kafedra müdiri tarixi həqiqətlərin, igid əsgər və zabitlərin göstərdikləri şücaətin təbliğinin önəmindən danışıb və mühazirənin əhəmiyyətini vurğulayıb.
Sonra, kafedranın baş müəllimi Mətanət Yusifova məruzə ilə çıxış edib. Qeyd edilib ki, tarixi Azərbaycan torpaqları üzərində qurulan Ermənistan fürsət düşdükcə ölkəmizə qarşı dəfələrlə əsassız ərazi iddiaları irəli sürmüş, xalqımıza qarşı amansız terror və etnik təmizləmə siyasəti yürütmüş, sahib olduğumuz toponimləri, dini, mədəni və tarixi abidələri, adət-ənənələri mənimsəyə çalışmışdır. Sovet imperiyası dağıldıqdan sonra, yaranan gərgin tarixi-siyasi şəraitdən öz mənfur niyyətləri üçün istifadə edən Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, qanlı soyqırım cinayətləri törətmiş, bir milyondan çox soydaşlarımızı doğma yurdlarından didərgin salmış və 30 il ərzində torpaqlarımızı viran qoymuşdur. Məruzədə, həmçinin, münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən, Vətən Müharbəsinin başlanmasından, müzəffər Ali Baş Komandanın qətiyyətli siyasətindən, qəhrəman əsgər və zabitlərin şücaətindən, möhtəşəm qalibiyyətin əldə edilməsini şərtləndirən başlıca amillərdən, tarixi Zəfərdən sonra bölgədə yaranan yeni reallıqlar və imkanlardan, Qarabağın dirçəlişi istiqamətində görülən irimiqyaslı quruculuq işlərindən danışılıb.
Tələbə və müəllim kolektivi üzvləri tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb. Qeyd edək ki, Vətən Müharibəsində qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə MDU-da müxtəlif formatlı silsilə tədbirlər keçirilir.