Müharibələr hər zaman ədalətsizliyin nəticəsi olaraq meydana çıxır. Azərbaycanın Zəfəri ilə sona çatan 44 günlük Vətən müharibəsi bu fikri gözəl təsdiq etdi.
Torpaqlarımız 30 il işğal altında qalsa da, yurdlarımızdan didərgin düşsək də, Qarabağ münaqişəsini qansız-qadasız yoluna qoymaq niyyəti ilə çox dözdük, çox gözlədik. Ötən müddətdə baş verən hadisələr göstərdi ki, savaşmaqdan başqa yolumuz yoxdur. Döyüş əsarətə düşmən, azadlıq sevdali millətin alın yazısıdır, həyat tərzidir.
Tarixin hər dönəmində olduğu kimi, bu dəfə də igid oğullarımız haqqın müdafiəsinə qalxdılar. Əsir yurdlarımızı bir-bir düşmən pəncəsindən xilas etdilər.”Arxalı köpək qurd basar” ifadəsini yerlə yeksan edib, dişləri, dırnaqları ilə Qarabağı- təbiət filarmoniyası, namus-şərəf qalamız, həsrəti ürəyimizdə dərin yara açmış sevgili Vətən parçası, dünya boyda dəyər daşıyan müqəddəs torpağımızı azad etdilər. Sıldırımlı qayaları, keçilməz yerləri, aşılmaz aşırımları aşdılar, qazi oldular, şəhid oldular, Qarabağ dərdimizə dərman oldular. Sübut etdilər ki, yurdu qorumaq üçün silahdan daha çox uğruna can verəcək qədər böyük Vətən sevgisi lazımdır. Göstərdilər ki, Pənah xan, Vaqif, Natəvan, Üzeyir, Bülbül, Xan gəzən yerlərdə yağı izi ola bilməz; daşı-torpağı belə düşmənə baş əyməyən yurdu diz çökdürmək mümkünsüzdür. Göstərdilər ki:
Zülmün topu var, gülləsi var, qalası varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Düşmənin cavabı layiqincə verildi. Biz möhtəşəm Qələbə qazandıq. Çox sayda şəhid verdik. Şəhidlik zirvəsinə ucalan balalarımız Vətən torpağını öz qanları ilə qoruyaraq torpaq, yurd anlayışlarına böyük məna, böyük dəyər qatdılar. Əvvəllər yalnız ata-analarının övladları idilərsə, şəhid olub Azərbaycanın, Vətənin oğlu, hamımızın övladı, qardaşı, doğması oldular.
Başımızın tacı olan şəhid analarına baxanda, oğlunu öldürən düşmən sərkərdəsinin başını kəsib, tökdüyü qanlardan gözü doysun deyə, qan tuluğuna salan Tomris yada düşür. Övladını döyüşə yola salanda ”Kürəyindən yaralansan, südüm sənə halal olmaz”- deyən Cəvahir xatun, düşmənə meydan oxuyan Həcər, Sara xatun, Tutibikə yada düşür. Onlar övladlarını bu Vətənə qurban verən nə ilk, nə də son analardır.
…Şəhid xəbərlərinin ilk zərbəsi o analara, sonra bizim ürəyimizə dəydi. Birlikdə ağladıq, birlikdə göynədik, birlikdə özümüzü toparlayıb ayağa qalxa bildik. Hamımız onlara borcluyuq. Onlar hər zaman sevgiyə, sayğıya layiqdirlər…
…Ağrılı-acılı illər yaşadıq, amma Qarabağdan bir an belə vaz keçmədik. Hər bayramda Şuşanı, Xankəndini, Laçını, Qubadlını, Cəbrayılı, Zəngilanı xatırladıq, bu yerlərdə toplaşmaq, əlamətdar günləri qeyd etmək xəyalları qurduq, arzular dilə gətirdik.
30 ildə kədərin, ağrının-acının simvolu olan qərənfildən vüsalın simvolu Xarıbülbülə uzanan çətin, ağır bir yol qət etdik. Şəhid məzarlarına düzülən qərənfillər və Zəfərlə qovuşduğumuz, qürurla sinəmizdə gəzdirdiyimiz xarıbülbüllər…Taleyimizdə ikisi də varmış!
…44 günlük müharibə dilindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqları birləşdirdi. Çünki söhbət Vətənin taleyindən gedirdi. Hamı dəmir yumruğa dönüb düşmənin başına endi. Azərbaycan qalib oldu və Qələbəsi ilə bütün dünyaya bir daha bu mesajı verdi: Qarabağ Azərbaycandır! Heç bir hiylə, heç bir məkirli oyun, fitnəkar, çirkin plan Qarabağı bizdən bir daha qopara bilməyəcək!
Xavər MƏMMƏDOVA,
Kürdəmir rayonu, Köhnəbazar tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi