Logo

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri NDU-da olub

07.11.2022 00:32 294 baxış
IMG

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.

Tehsil.biz xəbər verir ki, ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev bu il 55 yaşı tamam olan ali təhsil ocağının beynəlxalq əlaqələrdə qazandığı uğurları diqqətə çatdırıb. Qeyd edib ki, rəhbərlik etdiyi universitet beynəlxalq əməkdaşlıqda Avropa universitetləri ilə əlaqələrə  xüsusilə üstünlük verir. E.İsayev ERASMUS layihəsi çərçivəsində ali təhsil ocağının Avropa İtifaqına üzv olan ölkə universitetləri ilə apardığı beynəlxalq əməkdaşlıqdan bəhs edib. Diqqətə çatdırıb ki, bu layihə çərçivəsində NDU-nun professor-müəllim heyəti Avropa ölkələrində müxtəlif təlimlərdə iştirak edib və təcrübə qazanıb.

E.İsayev ERASMUS+NİZAMİ layihəsi çərçivəsində İsveç, MUMENA layihəsi çərçivəsində Niderland, AESOP layihəsi çərçivəsində Polşa, ERASMUS HUMERIA proqramı çərçivəsində Estoniya, TEMPUS layihəsi çərçivəsində Belçika, TEMPUS MUMENA, TEMPUS CURDEUS layihələri çərçivəsində İtaliya, Latviya, Litvanın universitetləri ilə aparılan beynəlxalq əməkdaşlıqların tarixinə nəzər salıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko insanların bilik və bacarıqlarının artırılmasının cəmiyyətin inkişafına mühüm töhfə verdiyini qeyd edib. Diplomat Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət və mal dövriyyəsi ilə bərabər təhsil sahəsində də qazanılan uğurlardan bəhs edib. Səfir, eyni zamanda NDU ilə təhsil sahəsində perspektivləri müzakirə edib və gələcək əməkdaşlıq məsələləri barədə danışıb.

Qeyd edək ki, görüşdə Almaniya, Fransa, Niderland, Polşa, İsveç, Belçika, Çexiya, Finlandiya, Slovakiya, İtaliya, Ruminiya, Xorvatiya, Estoniya, Latviya, Litva respublikalarının Azərbaycandakı səfirləri iştirak ediblər.

Xəbər lenti