Noyabrın 8-də – Zəfər Günündə “NUR Art House” qalereyası ənənəsinə sadiq qalaraq sənətsevərləri xalça sərgisinə dəvət edir. Bu dəfə “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü, istedadlı xalçaçı-rəssam Natiq Nəcəfzadə “Zəfər, qədim və müasir naxışlarda” adlı xalça eskizləri sərgisini təqdim edəcək.
"Azərbaycan xalçaçıları" İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva bildirib ki, xovsuz və xovlu xalça eskizləri xalqımızın milli kimliyini və Zəfərə aparan yolun keşməkeşini özünəməxsus bədii ifadəsi ilə həm rəng, həm də sözlə təsvir edərək, sülh, sabitlik, firavanlıq və qəhrəmanlıq keyfiyyətlərimizi təcəssüm etdirir. Xalça xalqımızın yaşam tərzinin, Vətənə məhəbbətinin, iqtisadi vəziyyətinin, adət-ənənələrinin canlı obrazıdır.
Proqram-sərgidə sənətsevərlərə təqdim olunan əsərlərdə xalçaçı-rəssam, rəngkar və qrafik Natiq Nəcəfzadə yaradıcılığında ənənənin və varislik xüsusiyyətinin naxışlı kompozisiyalarda poetik ifadəsi nümayiş olunur. Bu, həmin qan yaddaşıdır ki, igidlərimizi Vətən müharibəsində mənfur erməni təxribatına qarşı əks-hücum həmləsi ilə Şuşamıza qədər aparan Zəfər yolunun təkanverici qüvvəsi oldu. Bu, Vətənə məhəbbət, maddi-mənəvi dəyərlərimizə sədaqət, tariximizə hörmət, adət-ənənələrimizi yaşatmaq hissindən qaynaqlanan qəhrəmanlıq mücəssəməsidir.
On gün davam edəcək sərgi zamanı sənətsevərlər Natiq Nəcəfzadənin Ustad dərslərində iştirak edəcək, onunla xalça aləminə səyahət edib, naxışların sirrini, kompozisiya quruluşu haqqında fikirləri, xalça sənətində rəng həllinin özəlliklərini öyrənəcəklər.
Daim gənc istedadlara, sənətdə ilk addımlarını atan və milli mədəni irsimizi yaşatmaq arzusunda olan gənclərə dəstək olan “NUR Art House” qalereyası bu istiqamətdə məqsədyönlü fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindədir.
Sərgi noyabrın 18-dək davam edəcək.