Ərəb Dövlətləri Liqası ölkələri ilə Azərbaycanın münasibətləri həm ikitərəfli, həm də beynəlxalq səviyyədə də qarşılıqlı hörmət əsasında davam etdirilir.
Prezident İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında fəxri qonaq statusunda iştirak etməsi dövlətimizin başçısının beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisidir.
1945-ci ildə Qahirədə təsis edilən, 22 dövlətin birləşdiyi Ərəb Dövlətləri Liqası siyasi məsələlərə xüsusi diqqətlə yanaşan, Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən nüfuzlu təşkilatdır. Dövlətimizin başçısı İlham Əliyevin təşkilatın tribunasından həm işğal, həm 44 günlük İkinci Qarabağ müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırması bir daha dünyaya sülh, əməkdaşlıq, birlik, həmrəylik çağırışı oldu. Tədbirdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini önə çəkən Prezident İlham Əliyev bu dəvəti, eyni zamanda, dostluq və qardaşlığın təzahürü kimi dəyərləndirdi.
Zirvə toplantısının Əlcəzairin Milli Azadlıq Gününə təsadüf etdiyini diqqətə çatdıran deputat Prezident İlham Əliyevin Zirvə toplantısındakı çıxışının önəmini ifadə edib. Toplantıda dövlətimizin başçısı qeyd edib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın da 30 ilə yaxın erməni işğalından və ikili standartlardan əziyyət çəkdiyini diqqətə çatdırdı.
Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma Azərbaycana gəldikdə, erməni işğalı ilə bağlı qətnamələr 27 il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır.
Azərbaycan 30 ildə dünyadan ədalət gözlədi. Lakin maraqların beynəlxalq hüququ və ədaləti üstələməsi münaqişənin həllinin uzanmasına və sonda 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına səbəb oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu. BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimiz güc yolu ilə azad edildi.
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi Qoşulmama Hərəkatına sədrlik dövrü üzv dövlətlərin yekdil qərarı əsasında daha bir il uzadılıb. Ölkəmizin təşkilata sədrliyi dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı dövrə təsadüf edir. Məhz Azərbaycanın təşəbbüsü ilə pandemiyanın kəskin artığı zamanda Qoşulmama Hərəkatının Zirvə toplantısı, həmçinin BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Ölkəmizin “peyvənd millətçiliyi”nə qarşı mübarizəsi də beynəlxalq aləmdə təqdir olunan addımlarımız sırasında oldu.
Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”, vaksinlərin ədalətsiz paylanılması ilə bağlı çağırışları dünya birliyində xeyirxahlıq və insanlığa qayğı kimi dəyərləndirildi. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun çox yüksək olduğunu təsdiqləyir.