Azərbaycanın xarici siyasətində Yaxın və Orta Şərq dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr xüsusi istiqamət təşkil edir.
Bu bölgə özünün böyük enerji və xammal ehtiyatlarına, əhali və ərazi xarakteristikasına görə daim böyük dövlətlərin maraq dairəsində olmuş, mühüm geosiyasi əhəmiyyət kəsb etmişdir. Həmin geosiyasi bölgədə yerləşən ölkələrin, əsasən müsəlman dövlətləri olması, dünya siyasətində önəmli yer tutması, regionun geosiyasi xüsusiyyətləri, zəngin karbohidrogen ehtiyatlarına malik olması və bu anlamda dünya bazarlarında onlarla razılaşdırılmış siyasətə olan ehtiyac ötən müddətdə Azərbaycanın Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlərinin əsas mahiyyətini müəyyən etmişdir.
Bu gün Yaxın və Orta Şərq dövlətləri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Bu sırada ərəb dünyası ilə əlaqələrin inkişafı, əməkdaşlığın gücləndirilməsi daim diqqət mərkəzindədir. Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin daha da inkişafını şərtləndirib.
Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıya ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində fəxri qonaq statusunda iştirak etmişdir.
Zirvə toplantısında çıxışı zamanı ölkə başçısı Azərbaycan ilə ərəb ölkələri arasında tarixi əlaqələrə yüksək qiymət verildiyini bildirərək, gündən-günə inkişaf edən əməkdaşlığın yeni mərhələsinin yol xəritəsini təqdim etmişdir. Azərbaycanın ərəb ölkələri ilə tərəfdaşlığı gücləndirmək, o cümlədən Ərəb Dövlətləri Liqası ilə əlaqələri möhkəmləndirmək və bu təşkilata üzv ölkələrlə həmrəylik prinsiplərini təşviq etmək arzusunda olduğunu bildirən dövlət başçısı Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəmədiyini bildirərək qeyd etmişdir: “120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Bizim sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Yaxın gələcəkdə bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq”.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Şəhidlər abidəsini ziyarəti zamanı Azərbaycanla Əlcəzairin oxşar taleyi yaşadığını vurğulayaraq bildirmişdir: “Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir.
Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik. Bizim torpaqlarımız da otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik”.
Bütövlükdə Ölkə başçısı cənab İlham Əliyevin Əlcəzairə səfəri və Ərəb Sammitində iştirakı ərəb dövlətləri arasındakı əlaqələrin inkişafına təsir göstərəcək və Azərbaycan ilə ərəb ölkələri arasında müxtəlif sahələrdə daha möhkəm dostluq və əməkdaşlıq körpüləri qurmaq üçün geniş qapılar açacaqdır.
Qurbanov Sultanəli
Fizika üzrə fəlsəfə doktoru ,dosent.Səbail YAP "Ü.Hacıbəyli-68" ƏPT -nın Sədri