Bədii əsərlərdə əksər hallarda qəhrəmanlar hadisənin gedişinə, zavyazkanın açılışına xidmət edir. Qələm adamı qəhrəmanı ön plana çəkir. Çox vaxt yazıçı emosionallığı artıraraq bədii sualdan istifadə edir. Bədii sonluğu da qələminin gücü ilə tamamlayır. Bu, bədii ədəbiyyatda ən mühüm şərtlərdən hesab edilir.
Elmi əsərlərdə, yazılarda bu məsələ tamam fərqlidir. Vacib və əsas şərt zaman və əlahəzrət faktdır. Qəhrəmanları da qələm adamı deyil, tarix özü yaradır. Bəzən araşdırmaçı öz oxucusunu tarixi gerçəklikdən doğan suallarla baş-başa qoyur. Çox vaxt araşdırmanın sonluğu insanı heyrətə gətirir. İllərlə qaranlıq qalan tarixi reallıqlar, üzəri qara yalanla örtülən ağ gerçəkliklər substansiya qarmağında üzə çıxır. Bu, elmi araşdırmanın subsitansional əlamətidir. Bütün bu əlamətləri özündə əks etdirən kitabın adı – "TARİX HEÇ NƏYİ UNUTMUR" adlanır. Elmi-publisistik məqalər toplusundan ibarət olan kitabın müəllifi Qərənfil Dünyaminqızı (Quliyeva) Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci qadın elmlər doktorudur. Kitabın redaktor və məsləhətçisi, Filologiya elmləri doktoru Abid Tahirli, Ön söz müəllifi Milli Mətbuat Tarixi kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor Cahangir Məmmədlidir.
Obyektivlik xüsusiyyətləri, peşəsinə sarsılmaz bağlılıqları ilə seçilən hər üç müəllimdən auditoriyada dərs almaq böyük xoşbəxtlikdir. Özümü daha xoşbəxt hiss etməyimin bir səbəbi də odur ki, müəllimlərimin yaradıcılığını müntəzəm olaraq mətbuat vasitəsilə izləyirəm. Beləliklə, tələbə və oxucu olaraq öyrənmək missiyası davam edir.
Kitab haqqında tələbə fikirlərini kağıza köçürmək daxilimdə iftixar, məsuliyyət və əhəmiyyət dərəcəliyilə fərqli hisslər doğurur. Amma narahat da deyiləm. Burada iki məqam var. Birincisi, kitabda yer alan bir çox esseləri, elmi araşdırmaları zaman-zaman oxumuşam. Sənət adamlarından biri deyirdi: "Tarix qalın bir kitabdır; vərəqlənir zaman-zaman". Bu mənada tariximizə sadiq olmaq, laqeyd münasibətdən çəkinmək gərək ki, tarix xeyirimizə vərəqlənsin...
İkinci məqamın özü də iki yerə bölünür: birincisi, kitab haqqında yazı yazmaq istəyimə Qərənfil Dünyaminqızının: "Oğul, tənqid də edə bilərsən" cümləsi, ikincisi, auditoriyada tələbələrinə "oğlum", "qızım" deyəcək qədər sadə və səmimi müəllim, dərs müddətində ayaqüstə milli mətbuat tarixini yorulmadan tədris edən görkəmli və həssas alim, tələbənin tənəffüs zamanını bir an belə "kəsməyən" vicdanlı insan olmasıdır.
Kitabın içliyində olan esseləri oxuduqca milli mətbuat fədailərinin, Azərbaycan aşiqlərinin əzabını duyan, dərdini anlayan, mahiyyəti yazılarla oxucuya ötürən müəllifin müəllimimiz olduğundan qürurlanırsan.
Və tam əmin olursan ki, güclü istək ,ağır zəhmət, yuxusuz gecələr, davamlı səy və sadalanacaq bir çox nüanslar var ki bunlar insanla birlikdə məqsədə çatmaq yolunda qoşa addımlayır. Sözsüz ki, bütün bunlar zamanla həll olur. Bəzən ayrılan zaman qarşıya qoyulan məqsədə dəyərdən, sevgidən, halallıqdan doğur. Belə olan təqdirdə peşəyə olan sevgi ən çətin sınaqlar qarşısında məğlubedilməz və müqəddəs olur.
Bir mübarəkliyi də görkəmli alim Qərənfil Dünyaminqızının "Üzeyir dünyası, Üzeyir dühası" başlıqlı essesində görmüş oluruq.
Məqaləni oxuduqca müəllifin Üzeyir bəyin ömür yoluna, yaradıcılığına, bütövlükdə şəxsiyyətinə olan sonsuz ehtiramı bütün detalları ilə gözə çarpır. Dühanın millətinə bağlılığı, sənətinə sadiqliyi və istedadının tükənməz və zənginliyini görməmək mümkün deyil.
Müəllifin Üzeyir bəyin şəcərəsinə, ilk bəy nəslindən olmasını təsdiqləyən sənəddən tutmuş, ömrünün sonuna qədər geniş və çoxşaxəli yaradıcılığının essedə toplanmasında dərin zəhmət çəkib, tədqiq edərək gözəl bir nümunə yaratmışdır. Bu, geniş ictimaiyyətimiz, habelə oxucu üçün, eyni zamanda dərs vəsaiti nümunəsi olaraq olduqca müstəsna araşdırmadır.
Ancaq Üzeyir bəyin milli ayrı-seçkilik, Çar Rusiyasının Qafqazda apardığı siyasət, erməni xislətini açan faktların essedə daha geniş yer tutmasını məqsədə müvafiq olduğunu düşünürəm. Üzeyir bəy həm də dövlət xadimi – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından idi. O, bəzən məqalələri, yeri gəldikdə musiqiləri ilə düşmənə qarşı mübarizə aparırdı. Belə bir fenomen şəxsiyyət hər xalqın qismətinə düşmür. Mərhum Şirməmməd Hüseynov deyirdi ki, Üzeyir Hacıbəylinin "Koroğlu" operasının libbrettosu həm də onun özünə aiddir.
Görünən odur ki, zaman keçməsinə baxmayaraq erməni xisləti dəyişilməyib. Bu mənada Üzeyir bəy qədər erməni-müsəlman davasına, bütövlükdə xalqımızın başına gətirilən müsibətlərə öz səxavətini, şəxsi keyfiyyətləri ilə açıb göstərən çox az adam olmuşdur. Bunlar hamısı dünyanın xilası, bəşərin yaşamağı üçün atılan ən böyük xidmətlərdir.
Bu məqamda Üzeyir bəyin əməli ilə üst-üstə düşən fikirlərini xatırlayaq: "Dünyada ən alçaq sifətlərdən birisi cürətsizlikdir. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz". Üzeyir bəyin bu kəlamı təsadüfdən xatırlanmadı. Despotizmin, qırmızı terrorun tüğyan etdiyi bir zamanda, repressiyanın hökm sürdüyü bir vaxtda Hüseyn Cavidə, Tofiq Bakıxanova və digərlərinə arxa durdu, ömür və sənət yolunda onların yaşaması, fəaliyyəti üçün böyük cürət göstərərək sözün əsl mənasında onları qorudu.
Qərənfil Dünyaminqızı "Üzeyir dünyası, Üzeyir dühası" adlı araşdırmanı maraqlı sonluqla bitirir: "Allah Sizə qəni-qəni rəhmət eləsin Şirin ana. Siz təkcə bir ailəyə yox, böyük bir millətə ÜZEYİR bəxş etdiniz!"
Bu sonluq səbəbsiz deyil. Bəşər kültüründə qadına ən yüksək ehtiram Türk soyunda göstərilib. Üzeyir bəyin "Sənsiz", "Sevgili canan" romanslarının özü də təkcə musiqi şedevri deyil, həm də Qızlıq, Xanımlıq, Xatınlıq, Analıq adını uca tutan nur haləli Türk qadınına olan sayğının aliliyinə dəlalətdir.
Zaman ötür. Azərbaycan qadını öz ali keyfiyyətlərini qoruyub saxlayır. Təbəddülatlı, təlatümlü dünyada bunlar nə qədər çətin olsa da sürgündə namusunu qoruyan Şükriyyə xanım, 44 günlük Haqq savaşında əri və qardaşı şəhid olan və qürurla ərinin hərbi geyimində tabutunu zərif çiyinləri üstə alan Narıngül xanımlar dünyanı heyrətə gətirir.
"Bir Polad əvəzi mini gələcək" adlı esseni oxuduqca gözlər önündə general anası – analar anası canlanır. Ağ saçlı, qara örpəkli, nur çöhrəli – Səmayə Haşımova. Bu məqamda "Oxşar taleli rəfiqələr" adlı essenin son sözlərini xatırlamaq tam yerinə düşür: Sofiya xanım, Həmidə xanım kimi anaların həyatı, ömür yolu, ailələrinin, övladlarının xoşbəxtliyi uğrunda çəkdikləri cəfalar örnəkdir bugünkü gənc analarımıza".
Digər bir örnək Mirzə Cəlilə ömür-gün, amal, əməl yoldaşı olan, Münəvvəri Mina qədər sevən, "Mən görmədiklərimi yaza bilmərəm" – deyərək Mir Cəfər Bağırovun göstərişinə qeyzlənən, bununla da qulduru qəhrəmana çevirməyən Həmidə xanım Cavanşirdir. "Talesiz bacılar" başlıqlı araşdırmada Azərbaycan qadınının üzərinə düşən missiyanın nə qədər çətin, yaşadığı həyatın hər anının məşəqqətli olduğu görünür.
Aydın görünən bir məqam da odur ki, şər qüvvəyə, düşmənə qarşı mübarizədə Azərbaycan xalqının kişisi də, qadını da hər zaman birlikdə mübarizə aparmışdır. Müqaisə üçün "Erməni terrorunun xaç atası" adlı araşdırmaya nəzər salaq. Qafqaz canişininə bəxşiş verilən erməni Jannalar, vəzifə adamlarına "arvad" olan Lizalar, qadın düşkünü Vorontsov-Daşkovlar timsalı artıq həqiqəti çılpaqlığı ilə göz önünə gətirir.
Müəllifin apardığı tədqiqat, araşdırma öz mükəmməlliyi ilə ona görə seçilir ki, ötən əsrlərdə Çarizmin, SSRİ-nin ermənilərə olan sədaqətinin paralelliyini aparır, bir xalqın başına gələn bütün müsibətlərə faktlar əsasında güzgü tutur.
Qərənfil Dünyaminqızının təkzibedilməz, danılmaz dəlillərlə zəngin kitabını vərəqlədikcə aydın olur ki, tarix unutqanlığı sevmir.
Və bu ərəfələrdə – Noyabrın 1-də Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlamətdar və yaddaqalan çıxışı baş tutur.
Prezident İlham Əliyev imperiya və müstəmləkə əsarətinə, zaman-zaman kütləvi qətliamlara, soyqırıma toxunur. Fransanın insanlıq əleyhinə törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətinin, həmçinin tədbir iştirakçılarının diqqətinə çatdırır. Prezident İlham Əliyevin nitqi soyqırım qurbanı olan xalqlar və millətlərin tarixi taleyinə, dünya ictimaiyyətinin biganə qalmamasına dair insanlıq və müharibə cinayətlərinə qarşı kəskin etiraz və millətlərin bəlaya bir daha düçar olmamasından dərs çıxarmasına yönəlmiş tarixi çıxış idi.
Ermənistanın ölkəmizə qarşı müharibə cinayətini, işğal zamanı törətdiyi qətliam və soyqırımı bütün dünyaya bəyan edir.
Bütün təsadüflərin zərurətdən doğduğunu nəzərə alsaq həqiqətpərvər alim Qərənfil Dünyaminqızının "TARİX HEÇ NƏYİ UNUTMUR" kitabı haqqında tələbə düşüncələrimi qələmə aldığımı bir zamanda Prezident İlham Əliyevin Zirvə toplantısındakı tarixi çıxışının üst-üstə düşməsi də tarixin həqiqətən anına nişanədir...
Qərənfil Dünyaminqızının "Qəlbimizdə milli iftixara yer varmı? başlıqlı məqaləsi, fikrimcə, ən azı iki əsri əhatə edən bir zamanda millətimizə qarşı İmperiyanın planlı şəkildə məkrlə, hiylə və zorla illər uzunu ayrı-ayrı xalqlar və millətlərə, xüsusən də arealı hüdudsuz olan, ərazisi geniş, coğrafiyası Altaya, Çinə, habelə Balkan ölkələrinə, Pribaltikadakı Karainlərin, Kazan və Krım türklərinin, Qaqauzların, Şimali Qafqazın Məhsəti və axalkələk türklərinin, Bolqarların, Qaraçərkəzlərin, 410 min kv.km ərazisi olan, 33 dəfə bölünən, kəsilən Azərbaycanın, bütövlükdə Türk millətinin zora, işğala, departasiyaya, ayrı-seçkiliyə, soyqırımlara məruz qaldığını, tarixi keçmişdən bugünədək hələ də davam etməsinə üsyan qoparan Millət Fədailərinin qardaşı, soydaşı, qandaşı naminə dönməz mübarizələrinə tarixin dərslərindən lazımınca ibrət götürə bilməməyimizə sönməz məşəl tutan Türk Dünyasının milli taleyini dərindən düşünən və millətinin təəsübünü çəkən Vətəndaş Alim sualıdır!!!
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi