Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub.
Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.
Bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd Vətən müharibəsində qazanılan Zəfərin gənclər arasında təbliğ olunması, onların vətənpərvərlik ruhunun artırılmasıdır.
ADPU-nun Şamaxı filialında ilk olaraq “Zəfər tariximiz- şərəf tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Filialın direktoru dosent Tünzalə Yusifova konfransda çıxış edərək 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsi nəticəsində Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlaması, ərazi bütövlüyümüzün bərpası və 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin dövlətçilik tariximizə qızıl hərflərlə yazılması barədə danışıb.
Elmi-praktik konfransda “Zəfər Günü – milli qürur və şərəf tarixi”, “Xalqla dövlətin vəhdəti Zəfərimizin rəhnidir”, “Zəfər tariximiz” və “Azərbaycanın tarixi torpağı Zəngəzura qayıdışı” mövzularında məruzələr dinlənilib.
Silsilə tədbirlər çərçivəsində, Birinci Qarabağ müharibəsinin acı həqiqətlərini və Vətən müharibəsində Zəfərimizi təcəssüm etdirən “Köhnə çamadanlar” tammetrajlı filmi nümayiş olunub.
ADPU-nun Şamaxı filialında “Zəfər yolu” adlı bədii qiraət müsabiqəsi yekunlaşıb və münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunub. Həmçinin Tələbə Gənclər Təşkilatı tərəfindən ağacəkmə aksiyası keçirilib. Bununla yanaşı, “Zəfər tariximiz rəsm və fotolarda” müsabiqəsi, “Şanlı Zəfər” tədbiri, “Bayraq mərasimi” də böyük maraqla qarşılanıb.