Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Yazıçılar Birliyinin üzvü Miroktay Mirbabayevin yeni nəşr edilən “Алиевская сталь: пришел, освободил, победил!” (Əliyev poladı: gəldi, azad etdi, qələbə çaldı!) adlı kitabının təqdimatı olub.
Kitabxananın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, MEK-in baş direktoru professor Məmməd Əliyev Zəfər bayramı ərəfəsində rəhbərlik etdiyi kitabxanada dəyərli bir nəşrin təqdimatının keçirilməsindən məmnunluğunu bildirib.
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və möhtəşəm tarixi Qələbənin əbədiləşdirilməsi istiqamətində tədqiqatçı alimlərin monoqrafiyalar, yazıçıların bədii, elmi-publisistik əsərlər ərsəyə gətirməsi önəmli faktorlardandır. Respublikada unikallığı ilə seçilən MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu isə zaman keçdikcə həmin nəşrlərlə daha da zənginləşir. Təqdimatına toplaşdığımız kitab da bu nəşrlər sırasındadır”, - deyə MEK-in baş direktoru vurğulayıb.
Təqdimatda çıxış edən Qərbi Azərbaycan Azadlıq Təşkilatı İdarə Heyətinin sədri Əli Vəliyev, yazıçı, araşdırmaçı Xəqani İsmayılov nəşr haqqında fikirlərini səsləndiriblər. Vurğulanıb ki, oxucuların istifadəsinə verilən bu kitabda 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər işıqlandırılıb, müharibə haqqında məlumatlar xronoloji ardıcıllıqla təqdim edilib. Nəşrin xarici dildə olması isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ən vacib ünsürlərdən biri kimi dəyərləndirilib.
Qeyd olunub ki, müəllifin digər – “Мир спасает человеческое здравомыслие” (Dünya insanın ağlını xilas edir. 2013), "Мировая мини энциклопедия" (Dünya mini ensiklopediyası. 2019) kitabları kimi yeni işıq üzü görmüş “Алиевская сталь: пришел, освободил, победил!” əsəri də maraqla qarşılanıb.
Təqdimat mərasimində kitabın müəllifi çıxış edərək burada üç tarixi dövrün - Qələbə, Zəfərin I ildönümü və Prezident İlham Əliyevin 60 illik yubileyinin əhatə olunduğunu, həmçinin İrəvanda yaşadığı müddətdə şəxsən şahidi olduğu real hadisələrin də qələmə alındığını xüsusi vurğulayıb. Sonda müəllif təqdimatın keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib, nəşrlərini MEK-ə hədiyyə edib.