XIX əsrin əvvəllərindən əsarət altına salınan xalqımız XX əsrin sonlarına qədər ancaq məhrumiyyətlər ilə üzləşmiş, ata-baba yurdlarımız mənfur düşmənlərimiz tərəfindən zəbt edilmişdir. Bütün dünya tərəfindən XXI əsrin müharibəsi hesab olunan 44 günlük vətən müharibəsi son 200 ildə dəyişməyən reallıqları dəyişdi.
1990-cı illərdə Azərbaycanın ağır günlərində, xalqımızın tarixinin taleyüklü və mürəkkəb mərhələsində öz xilaskarlıq missiyası ilə dövlətçiliyimizi uçurumun kənarından xilas edən Ulu öndər Heydər Əliyev vətəndaş qarşıdurmasının, ölkədaxili xaos və anarxiyanın qarşısını aldı. Gələcəkdə itirilmiş torpaqlarımızın geri qaytarılması, düşmənə layiqli cavabın verilməsin üçün böyük öndər cəbhədə atəşkəsin əldə olunmasına nail oldu. Həmin ildə "Əsrin Müqaviləsi"nin imzalanması Azərbaycana parlaq gələcək vəd edirdi.
Prosesləri ard-arda və peşəkarcasına idarə edən ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, bu siyasəti uğurla davam etdirən cənab prezident İlham Əliyevin sarsılmaz iradəsi və rəşadətli ordumuzun gücü bizi 44 günlük vətən müharibəsində qələbəyə çatdırdı. 8 Noyabr tarixində Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdi. Məhz bu günün Zəfər Günü elan edilməsi təsadüfi deyil. Çünki, Şuşanın mənəvi-mədəni dəyəri çox yüksəkdir. Ulu öndər Heydər Əliyev dəfələrlə öz çıxışlarında Şuşanın mədəni və mənəvi çəkisini yüksək qiymətləndirib. Şuşa qısa zamanda Azərbaycana xeyli sayda ziyalılar, alimlər, mütəfəkkirlər, sənətçilər bəxş edib. Bütün bunları nəzərə alan möhtərəm cənab prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ili isə Şuşa şəhərinin salınmasının 270 illiyi münasibətilə Şuşa ili elan edib.
Şuşanın alınmasından sonra düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. 10 noyabr 2020-ci il tarixində Ermənistanın məğlubiyyəti rəsmiləşdirildi və uğurlu siyasətmiz nəticəsində xeyli ərazini döyüşsüz, bir güllə belə atmadan işğaldan azad etdik. İşğala son qoyduqdan sonra erməni vəhşilikləri nəticəsində dağıdılmış, viran qoyulmuş ata-baba yurdlarımızı bərpa etməyə, yenidənqurmağa başladıq. İki ildir ki, bu ərazilərdə əsaslı və sürətləndirilmiş şəkildə abadlıq-quruculuq, yenidənqurma və bərpa işləri aparılır. Zəngilanın Ağalı kəndində qurulmuş ağıllı kənddə artıq oranın əsl sahibləri yaşayırlar. Fizulidə və Zəngilanda beynəlxalq hava limanları fəaliyyət göstərir. Zəngəzur Dəhlizinin fəaliyyətə başlaması ilə regionda mühüm dəyişikliklər baş verəcək. O, gün də çox uzaqda deyil.
Azərbaycan ikinci ildir ki, Zəfər Bayramını qeyd edir. Bu günləri biz sevinc və qürur hissi ilə yaşayırıq. Çünki, 30 illik həsrətə və erməni mifinə son qoyduq. Gücümüzü bütün dünyaya göstərdik. Azərbaycanın Cənubi Qafqazın ən böyük və ən qüdrətli dövləti olduğunu sözdə yox, əməldə sübut etdik.
Xalqımız bizə qələbə sevincini yaşadan Ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı, 44 günlük vətən müharibəsinin müzəffər ali baş komandanı İlham Əliyevə, vətənin bütövlüyü, təhlükəsizliyi uğurunda canlarından, həyatlarından keçən şəhidlərimizə, yarımcan qazilərimizə, müharibə iştirakçılarına hər zaman minnətdar olacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Zəfər Bayramınız mübarək olsun!
Anar Salehoğlu
YAP Yevlax rayon təşkilatının fəalı, İctimai-siyasi fəal