Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər Sədası” Musiqi Festivalı 3 gün davam edib. Festivalın konsertləri ölkəmizin müxtəlif yerlərində -Sumqayıt, Ağdam, Bərdə, Gəncə və Bakıda təşkil olunub.
Tehsil.biz xəbər verir ki, festivala noyabrın 7-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında musiqi axşamı ilə yekun vurulub.
Gecədə tarzən Mirxalid Salayevin rəhbərlik etdiyi Dövlət Mahnı Teatrının İnstrumental Ansamblı dinləyicilərə gözəl, sevimli mahnı inciləri təqdim edib. “Nə gözəldir Azərbaycan” (Emin Sabitoğlu), “Bura Vətəndir” (Cavanşir Quliyev), “Azərbaycan, odlar yurdum mənim” (P.Bülbüloğlu), “Tələsməyək bundan sonra” (Eldar Mansurov), “İndi günah nə səndədir nə məndə” (Oqtay Rəcəbov) və digər mahnılar teatrın solistləri Fəxri Kazım Nicat, Ayşən Mehdiyeva, Rövşən Qəhrəmanov, Aynur İsgəndərovanın ifasında səslənib. Tədbirə qonaq müğənnilər Aşıq Ramin Qarayev “Yol verin, Turan gəlir”, müğənni Mətin Rzazadə “İncə bellim” (Emin Sabitoğlu) nəğmələri ilə qatılıb. Yeni sənət yoluna qədəm qoyan gənc ifaçılar, müğənni Anar İlhamlı bəstələdiyi “Cənab Ali Baş Komandan”, “Azərbaycan bayrağı” mahnıları ilə, gənc xanəndə Fərhad Allahverdiyev məşhur “Xudayar təsnifi” və “Mənim Azərbaycanım” təsnifləri (hər ikisi xanəndə Əlibaba Məmmədova məxsusdur) ilə musiqi axşamını rəngləndiriblər.
Xatırladaq ki, “Zəfər Sədası” Musiqi Festivalının konsertləri Bərdə rayon Mədəniyyət Mərkəzində, Sumqayıt Dövlət Dram Teatrında, Ağdam Muğam Mərkəzində, Bakıda Azərbaycan Dövlət Uşaq Filarmoniyasında, Gəncə Dövlət Filarmoniyasında uğurla keçirilib.