Milli yaddaşımızda və tarixin səhifələrində əbədi qalacaq MÖHTƏŞƏM QƏLƏBƏ
Bu gün 8 Noyabr - Zəfər Günüdür. İşğalçı Ermənistan üzərində tarixi Qələbəmizin ikinci ilidir. İki il öncə başlayan Vətən savaşında Azərbaycan ATƏT-in Minsk Qrupundakı güclərin bacarmadığını təkbaşına bacardı: 30 illik Qarabağ münaqişəsini həll etdi! Azərbaycan BMT-nin missiyasını özü yerinə yetirdi: dörd qətnamənin icrasını ölü nöqtədən tərpətdi; düşməni öz sərhədlərinə qədər qovub, ərazi bütövlüyünü bərpa etdi.
Artıq dövlət sərhədlərimiz etibarlı əllərdə möhkəm qorunur, işğaldan azad olunan, düşmən tərəfindən tamamilə dağıdılmış 10 min kvadratkilometr ərazidə sürətli bərpa-quruculuq işləri gedir; Qarabağ və Şərqi Zəngəzura həyat sürətlə qayıdır. İki il öncəki hərbi əməliyyatların uğuruna bölgənin inkişaf strategiyası ilə dəyişən simasının qüruru da qarışaraq, Azərbaycan insanını sonsuz şəkildə fərəhləndirir.
Böyük Qələbə milli yaddaşın qızıl fondudur. Bu möhtəşəm Qələbə başımızın ucalığı, alnımızın açıqlığı, əbədi qürurumuzdur. Azərbaycan xalqı və dövləti bu ehtişamlı Zəfərə bir gündə, bir ildə hazırlaşmadı. Torpaqlarımızı itirdiyimiz gündən qisas hissimiz və qəti sözümüz var idi: tarixi yurdumuzu düşmən tapdağında qoymayacağıq!!! Amma əsl vaxt ölkəmizin iqtisadi qüdrətinə, hərbi potensialına bağlı idi.
Azərbaycan bu Zəfərə siyasi müstəqilliyini möhkəmlətməklə, iqtisadi müstəqilliyini qorumaqla hazırlaşdı. İqtisadi gücünü daim artırmağa çalışdı ki, 20 faiz torpaqlarımız işğaldan tezliklə qurtarılsın, ölkəmizin dövlət sərhədlərinin bərpası məsələsi çox da uzaq nəsillərə miras qalmasın. Ulu öndər Heydər Əliyev siyasətinin də prioriteti bu idi, onun siyasi varisi Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin də başlıca prinsipi bundan ibarət idi. Təbii ki, əsas diqqət ordu quruculuğu istiqamətində olmalıydı və oldu. Azərbaycan dövlət büdcəsini hər il formalaşdırarkən, böyük həcmdə vəsait məhz hərbi sahəyə ayrıldı. Bu düzgün siyasətin nəticəsində Milli Ordunun şəxsi heyətinin peşəkarlığı artırıldı; Azərbaycan silah istehsal edən müxtəlif ölkələrdən çeşidli müasir hərbi texnika aldı; üstəlik, öz hərbi sənayesini də qurdu, beləliklə, ordusunu torpaqları işğaldan qurtara bilən möhkəm bir güc halına gətirdi.
Azərbaycan bu müqəddəs vəzifə üçün təkcə iqtisadiyyata, orduya diqqət ayırmadı, həm də diplomatik müstəvidə fəal çalışdı. Ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı münaqişənin həlli üçün zəmin yaratdı. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq qurumlarla əməkdaşlıq etdi, onların yüksək tribunalarından haqq səsini ucaltdı və münaqişənin həlli üçün hüquqi bazanı hazırladı. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul etdi. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildi. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslar idi.
Böyük itkilər və dözülməz dəhşətlər yaradan müharibə baş verməyə də bilərdi, əgər beynəlxalq riyakarlıq 30 il davam etməsəydi. Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əməl etsəydi; 2020-ci ildə yeni torpaqların işğalına həvəslənməsəydi. Ermənistanın işğalçı xisləti, beynəlxalq hüquq normalarına sayğısızlığı müharibəni qaçılmaz edən əsas səbəb idi. Üstəlik, Azərbaycan xalqının səbri də tükənmişdi. 200 illik işğalçılıq siyasətinə necə dözəydi?! Çar Rusiyasının zamanından, ermənilərin Qarabağa köçürüldüyü tarixdən başımız bu etnosla hər zaman dərddə olub. Ərazilərimizi ələ keçirmək, toponimlərimizi dəyişmək, ayrı-ayrı illərdə azərbaycanlıları qətlə yetirmək, öz yurdlarından qovmaq-bunu unutmaq mümkün idimi? İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhalinin soyqırımına məruz qalması, yaşadıqları yerlərdən qovulması, işgəncələr görməsi, yüzlərlə yaşayış məntəqəsinin dağıdılması-bunlar tarixin çirkin və utanc reallığıdır. Nəhayət, 1988-90-cı illər. Yenə də erməni vəhşiliyinin törətdiyi fəlakətlər. Erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə saldı, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etdi, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurdu. Bunlara dözmək mümkün idimi? Əsla yox! Müharibə qaçılmaz idi və bizim haqqımız idi. Müharibənin bizim üçün nə həyacanı var idi, nə də xofu. Ermənistan bu müharibədə 10 minlərlə fərari faktı ilə üzləşdiyi halda, Azərbaycan ordusunun əsgər və zabitinin döyüşən biləyindən 10 minlərlə könüllü, cəsur övladlarımız tutmuşdu. Çünki Azərbaycan xalqının qəlbi Zəfər qazanmaq hissiyatı ilə çırpınırdı. 44 günlük savaşda Zəfər küləyi ona görə bizdən yana əsdi ki, təkcə güclü biləyə, möhkəm milli ruha malik deyildik, həm də İlahi ədalət bizim tərəfimizdə idi! Hər gün geri alınan şəhərlər, kəndlər təbii ki, əzəmətli bir xalq coşğusu yaratmalıydı. Biz bu coşğuyla daha da gücləndik, daha da möhkəmləndik.
44 günlük müharibənin təqvimi bizi hər zaman qürurlandıran uğurlu nəticələrdir. Çünki qısa müddətdə-sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdik. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
Tarixi Qələbənin zirvəsi isə 8 noyabr idi. Şuşanın azadlıq tarixi! Şuşanın azadlığı həm də müharibənin sonunu gətirdi və Zəfərin qəti tarixini müəyyənləşdirdi. Şuşanın azad olunması düşmən üçün kapitulyasiya, Azərbaycan üçün yekun Qələbə idi. Üçtərəfli 10 noyabr Bəyanatı imzalandı, bununla da münaqişənin hərbi fazası başa çatdı, proses sülh danışıqları mərhələsinə keçdi. Bu Bəyanatın müddəalarına uyğun olaraq 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda Laçın şəhid vermədən düşməndən döyüşsüz geri alındı. Nəhayət, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi Qələbəmizin məntiqi davamı oldu.
Beləliklə, Vətən müharibəmizin nəticəsində:
- Azərbaycan rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu.
- Ermənistanın böyük xəyalları, özgə torpaqları hesabına genişlənmək kimi çirkin niyyətləri tarixin zibilliyinə atıldı.
- Azərbaycan Qarabağda terrorun hökmünü aradan qaldırdı, bütün kirli tərtibləri pozdu, xalqının haqqını öz gücü ilə qorumağı bacardı.
- Azərbaycan torpaqlarını işğalçılardan təmizlədi və Böyük Zəfərə imza atdı.
Biz xalq olaraq yaşadığımız bu qüruru, bəxtiyarlığı Bakıda, Azadlıq meydanında keçirilən Zəfər paradının əzəmətinə qatdıq. Xalqımızın düşmən üzərindəki Qələbəsinin rəmzi təntənəsi olan həmin parad gücümüzü, vətənsevərliyimizi, ləyaqətlə qazandığımız Qələbəni bütün dünyaya bir daha nümayiş etdirdi. Paradın tribunasında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yan-yana dayandı. O paradı Azərbaycan və Türkiyə rəhbərləri birgə qəbul etdi. Azərbaycan əsgəri ilə türk əsgəri o meydandan çiyin-çiyinə keçdi. Həmin gün paytaxtın hər yerində Türkiyə və Azərbaycan bayraqları dalğalandı. Bütün bunlar səbəbsiz deyildi. Çünki müharibənin ilk günlərindən Türkiyənin tutduğu cəsarətli mövqe, xarici çevrələrə ünvanlanan tələbkar vurğu bizim Zəfərimizdə həlledici rol oynadı; Çünki bu Zəfər Qardaşlığın Zəfəri idi. Genetik kökləri eyni olan bir millətin işğala qalib gələn iradəsinin təntənəsi idi...
Qarabağ Qələbəsi Azərbaycan övladlarının vətənsevərlik, qorxmazlıq obrazını yaratdı. Azərbaycan əsgərinin mətanətini, cəsurluğunu əfsanələşdirdi. Azərbaycan ordusunun nüfuzunu bütün dünyada möhkəmlətdi. Bu Zəfər bizim üçün hər zaman müqəddəs olacaq! Zəfərimiz milli yaddaşımızda və tarixin səhifələrində əbədi qalacaq!
V.ALLAHVERDİYEVA