Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bayrağı dünyanın hər yerində qürurla dalğalanır.
Qeyd etmək lazımdır ki, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb.
Məlum olduğu kimi, Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun ideya müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Heç şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini bariz şəkildə nümayiş etdirir.
Bu da reallıqdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ötən əsrin sonları, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada müdrik qərar qəbul edilərək Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi.
O dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etdi. Belə bir qərarın qəbul edilməsi həmin dövrdə - Sovet hökuməti zamanı böyük cürət tələb edirdi. Ancaq Ulu Öndər Heydər Əliyevin uzqgörən rəhbərliyi ilə Azərbaycan xalqı belə möhtəşəm qərara imza atdı.
Sonrakı dövrdə 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edildi. Azərbaycan Respublikası yeni tarixi mərhələyə daxil oldu.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının ən əsas və bariz göstəricilərindən biridir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində bu bayraq artıq o ərazilərdə qürurla dalğalanır. Bu bayrağın həmin ərazilərdə dalğalanması üçün neçə qəhrəman Azərbaycan övladı canından keçdi. Qarşıda duran əsas vəzifə bu bayrağın daima ucalarda dalğalanması üçün səylə çalışmaqdır. Bu baxımdan birlik və həmrəyliyimizi qorumaq xüsusi əhəmiyyət daşıyır. Birlik və həmrəylik qorunduqca Dövlət bayrağımız hər zaman yüksəklərdə dalğalanacaq. Uca Tanrı birlik və həmrəyliyimizi qorusun. Bayrağımız daima ucalarda dalğalansın!
Ceyhun Məmmədov
Milli Məclisin deputatı