Xalqımız uzun müddət işğalçılara, müstəmləkəçilərə və əsarətə qarşı mübarizə aparmış, milli azadlıq, müstəqillik yolunda vuruşmuşdur.
XIX əsrin əvvəllərində Azərbaycanın bölüşdürülməsindən sonra öz milli dövlətçiliyindən vaz keçməyən Azərbaycan xalqı daim müstəqillik arzusu ilə yaşamışdır. Qısa müddətdə öz istəyimizə nail olsaq da bu uzun çəkmədi. Müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. Onun süqutundan sonra sovet Rusiyasının əsarəti altında yaşamağa məcbur olduq. Son 200 ildə tarixi ədalətsizliklər üzündən böyük məhrumiyyətlərlə üzləşdik. Ancaq bütün bunlara baxmayaraq, düşmənin qarşısında əyilmədik, sınmadıq.
Milli-vətənpərvər ruhumuz XX əsrin sonlarında dövlət müstəqilliyimizi yenidən bərpa etməyə imkan yaratdı. Təssüf ki, o, dövrün ictimai-siyasi prosesləri və siyasi hakimiyyətin səriştəsizliyi yenicə əldə olunmuş dövlət müstəqilliyinin itirilməsinə və vətəndaş müharibəsinin baş verməsinə səbəb ola bilərdi. Belə mürəkkəb vəziyyətdə Heydər Əliyev xalqın səsinə-səs verərək ikinci dəfə hakimiyyətə geri döndü. Onun qayıdışı uçurumun kənarında olan dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdi, ölkədaxili xaos və anarxiyaya son qoydu. Bundan sonra müstəqil dövlət quruculuğu prosesinin və hərtərəfli inkişafın təməli qoyuldu.
Müstəqilliyin və azadlığın ali və milli dəyərini, onun mənəvi çəkisini dərk etmək üçün tariximizə obyektiv nəzər salmaq kifayətdir. Uzun illər adıçəkilən dəyərlər uğrunda mübarizə aparan, şəhid və qazi olan həmvətənlərimiz bizim üçün ən böyük vətənpərvərlik nümunələridir. Çox uzağa getməyə ehtiyac yoxdur. I Qarabağ və 44 günlük vətən müharibəsinin iştirakçıları, şəhid və qaziləri nə üçün gözqırpmadan, ölümün gözünə dik baxaraq düşmənin üzərinə gedirdilər?. Ona görə ki, Vətən təhlükədə idi, müstəqilliyimizə və azadlığımıza təhdidlər yaranmışdı. I Qarabağ müharibəsində zəifliyimizdən istifadə edən düşmən torpaqlarımızı işğal etdi. Ancaq 30 ildən sonra biz güclü Azərbaycan olaraq onların qarşısına çıxdıq. Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün ərzində 30 illik işğala son qoydu. Bu qələbə regionda yeni reallıqlar yaratdı. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Artıq Azərbaycanın qarşısında yeni üfüqlər açılır. Müasirləşən dünyada Azərbaycan gəncliyi ənənələrə, milli-mənəvi dəyərlərə, tarixi irsə sadiq qalaraq yeniliklərə açıq olmalı, davamlı inkişaf etməlidir.
Anar Salehoğlu
İctimai-siyasi fəal