Logo

"Üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanır"

09.11.2022 18:54 334 baxış
IMG

Ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır.

Dalğalanan bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədri-qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız, fəxr və qürur hissi ilə bağlandığımız müqəddəs bir varlıqdır. Müstəqil dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və azadlığının rəmzidir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra dövlət rəmzlərini qəbul etmişdir ki, bu rəmzlərdən biri də üçrəngli Dövlət bayrağı idi. Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilmiş və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Təəssüf ki, müstəqil dövlətimiz yalnız 2 il yaşayıb və 1920-ci il aprelin 28-də bolşevik işğalı ilə sona çatıb.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul edilib, 1920-ci ilin aprel ayınadək Dövlət Bayrağı statusuna malik olan Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. Yaşadığı dövrün reallıqlarını, zamanın mahiyyətini dərindən dərk eləyən, özünün dəmir kimi möhkəm iradəsi, uzaqgörənliyi, kəskin siyasi mövqeyi ilə zamanı öz arxasınca aparan Ulu Öndər Heydər Əliyev ancaq tarixə yazılan deyil, tarix yazan, özündən sonrakı sabahları yaradan lider olmuşdur.Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir.

Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən Dövlət bayrağı haqqında Ulu Öndər Heydər Əliyev danışarkən qeyd etmişdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. Söz yox ki, müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub.

Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirildi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən artıq 13 ildir ki, 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayraq dövlətin milli rəmzlərindən biridir. Bu günün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hisslərinin çatdırılması, atributlarımızın təbliği baxımından olduqca əhəmiyyətlidir.

Suverenliyimizin simvolu olan Dövlət bayrağımızın təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr Qanunu ilə tənzimlənir.Həmçinin, qürurverici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında, eləcə də digər nüfuzlu təşkilatların üzərində dalğalanır.Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyəsət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanıldı, dövlətçiliyimiz möhkəmləndi, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmizin müdafiə qüdrəti daha da artdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli siyasəti, Şəhidlərimizin və Qazilərimizin canı və qanı bahasına, qəhrəman Əsgər və Zabitlərimizin igidliyi və xalqımızın bir yumruq kimi öz liderinin ətrafında birləşməsi sayəsində torpaqlarımız düşmən işğalından azad edildi və bu gün üçrəngli bayrağımız doğma Qarabağımızda – Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Cəbrayılda, Kəlbəcərdə, Qubadlıda, Laçında dalğalanır. Bu bayraq igid oğullarımızın şücaətləri ilə o torpaqlarımıza sancıldı!

Artıq üçüncü ildir ki, ölkəmizdə Dövlət Bayrağı Günü Zəfər təntənəsi ilə qeyd olunur. Artıq xalqımız qəhrəman xalq olaraq fəxrlə həmin günləri yaşayır və bundan sonra üçrəngli bayrağımız bütöv Azərbaycanın hər bir bölgəsində əbədi olaraq qürurla dalğalanacaqdır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Xəbər lenti