Logo

Qazilər BANM-in tələbələri ilə görüşüblər

09.11.2022 20:26 266 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) 44 günlük Vətən müharibəsi Zəfərinə həsr edilmiş “44 Günlük dastan” layihəsi çərçivəsində II Qarabağ müharibəsi və Aprel döyüşlərinin iştirakçıları, qəhrəman qazilərlə tələbələrin görüşü təşkil edilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə bir çox orden və medallara layiq görülmüş, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq göstərən Əhliyet Mehdiyev, İlqar Nurməmmədov, Mobil  Əhmədzadə,  Elşad Təhməzov,  Həsən Yaqubov,  Elvin Əliyev və Ramil Əsgərov iştirak ediblər. 

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Sonra Zəfər Gününə həsr edilmiş videomaterial nümayiş olunub.

Görüşün keçirilməsində məqsəd tələbələr arasında vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliği və aşılanması, qəhrəman qazi və döyüşçülərimizin cəmiyyətdə, xüsusilə gənclər arasında tanıdılmasıdır.

BANM-in Karyera və tələbələrlə iş şöbəsinin rəisi Emil Aslanlı qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən qürur duyduğunu bildirib. O qeyd edib ki,  qəhrəman şəhid və qazilərimizin hər biri tələbə və gənclər üçün örnəkdir. 

Daha sonra görüşdə iştirak edən qazilər keçdikləri şərəfli döyüş yolu barədə  xatirələrini və Zəfər sevinclərini bölüşüblər. Qəhrəmanlıqla şəhid olan döyüş yoldaşlarının xatirəsini yad edən qazilər onların və  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən  şəhidlərin qanının yerdə qalmadığını bildiriblər. Qazilər qeyd ediblər ki, gənclərin vəzifəsi əsgər və zabitlərimizin canları-qanları bahasına işğaldan azad edilən torpaqlarımızı qorumaq və öz sahələrinin əsgəri olmaqdır. 

Sonda qazilər tələbələri maraqlandıran sualları cavablandırıblar. 

Layihə Gənclər Fondunun dəstəyi,  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilib.

Xəbər lenti