"Mədəniyyətin bəzi sahələrində əməkhaqları çox aşağıdır, bununla bağlı tədbirlər görməliyik".
"Tehsil.biz"in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında deyib.
Deputat mədəniyyət sahəsinin bir sıra yerlərində çalışan gənclərin güzəştli ipotekadan yararlanmasına şərait yaradılmasını təklif edib:
“Biz mədəniyyət sahəsindən danışanda çox adam burada müğənniləri, şou aləminin nümayəndələrini nəzərdə tutur. Amma mədəniyyət nümayəndələrini düzgün qiymətləndirmək və stimullaşdırmaq lazımdır. Mədəniyyət sahəsinə gedənlərin sayı azalır. Ona görə də mədəniyyət sahəsinin bir sıra yerlərində çalışan gənclərin güzəştli ipotekadan yararlanmasına şərait yaradılmasını təklif edirəm”.