Logo

"Bütün dünya Azərbaycan xalqının birliyini gördü"

11.11.2022 10:59 387 baxış
IMG

2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu

İyirminci əsrin sonlarında Azərbaycan xalqına qarşı nifrətlərini, paxıllıq hissləini hər zaman gizlin saxlayan erməni şovinistləri nəhayət öz mənfur niyyətlərini həyata keçirməklə Azərbaycan torpaqlarında etnik təmizləmə əməliyyatlarını apararaq ərazilərimizin 20 faizini işğal etdilər və bu işğal 30 ilə yaxın bir dövrədək davam etdi.

Torpaqlarımızın azad olunması üçün aparılan danışıqlar bir fayda vermədiyi üçün 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu erməni hücumunu adekvat cavablandırdı. Elə bu tarixdən Vətən müharibəsi başladı. 44 gün davam edən Vətən müharibəsi üçtərəfli bəyanatla sona çatdı.   Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 

Fərəhli haldır ki, 44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. 

Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkə biləcək. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub.  

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir.

Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.  
 İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır.

Üçtərəfli Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı.

“Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Prezident İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanat Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur:

“Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.

Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, artıq Dağlıq Qarabağ  deyilən bir ərazi yoxdur. Qarabağ Azərbaycandır! İki ildir ki, azad olunan ərazilərdə geniş quruculuq işləri həyata keçirilir. Işlər uğurla davam edir. Bu torpaqların sakinləri, uzun illər məcburi köçkün kimi həyat sürən sakinlərin doğma ata yurduna qayıtmaları üçün hər cür şərait yaradılacaqdır. Əsas odur ki, Azərbaycanın mərd  övladları iyirmi birinci əsrdə dövlətimizi dünyaya qalib bir ölkə kimi təqdim elədilər, xalqımız  birlik nümayiş etdirməklə qədim dövlətin varlığını sübut etdilər.

Namaz Manaflı
MDU-nun dosenti

Xəbər lenti