Logo

"Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərib"

11.11.2022 11:24 378 baxış
IMG

"2020-ci il 10 noyabr tarixi xalqımızın, eləcə də, dünya azərbaycanlılarının yaddaşına əbədi həkk olunub. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Məhz 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları Bəyanat münaqişənin həlli istiqamətində son nöqtə oldu. Bəyanat uzun illər davam edən işğala son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır".

Bunları "Tehsil.biz"ə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov deyib.

O bildirib ki, bu qələbə həm də ilk gündən Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirən Azərbaycan – Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını təsdiqlədi:

"Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Üçtərəfli Bəyanatda mühüm məsələlər öz əksini tapıb. Məsələn, Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Bəyanatın əsas məqamlarından biri də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasıdır. Bu razılaşmaya əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır".

"Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir.

2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanat mühüm əhəmiyyət kəsb edir və Cənubi Qafqazda reallıqları dəyişdirmək üçün potensiala malikdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu bəyanat, əslində, bütün vacib elementləri əhatə edir, həmçinin Dağlıq Qarabağ münaqişəsinin yekunlaşdığını göstərir", - C.Hüseynov qeyd edib.

Xəbər lenti