Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il noyabrın 13-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı kompüterlər vasitəsilə aparılacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək.
İmtahana qeydiyyat 2022-ci il oktyabrın 13-dən 10 noyabr saat 23:59-dək aparılıb və bu müddət ərzində 88 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak edəcək namizədlərverilən linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək. Kompüter vasitəsilə ilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Bu imtahan saat 10:00-da başlanır. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.
Qeyd edək ki, fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 7, AC qrupu üzrə 9, BA qrupu üzrə 79, BB qrupu üzrə isə 176 olmaqla, ümumilikdə 271 namizəd qeydiyyatdan keçib.