Logo

Şəfəq Şahməmmədova: “ADU-da tələbə qəbulu planı 95,66% yerinə yetirilib”

06.10.2020 17:59 454 baxış
IMG

“Azərbaycan Dillər Universitetinin (ADU) 2020/21-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 1685, magistratura səviyyəsi üzrə 324 plan yeri nəzərdə tutulmuşdu. Tələbə qəbulunun nəticələrinə əsasən deyə bilərəm ki, builki qəbul planı 95,66% yerinə yetirilmişdir”.

Bunu saytımıza açıqlamasında ADU-nun Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova deyib. O, bildirib ki, keçən tədris ilində bu rəqəm 94% təşkil edirdi:

“Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə öz çıxışında qeyd etdi ki, bu, çox gözəl göstəricidir. Belə ki, qəbul planının yerinə yetirilməsinə görə Azərbaycan Dillər Universiteti universitetlər arasında III yerdə durur. Təbii ki, bu bizi çox qürurlandırır. Qeyd edim ki, rəqabərliliyi artırmaq məqsədilə qəbul planında yeni ixtisaslar – İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim, Təhsildə sosial-psixoloji xidmət, Xarici dil müəllimliyi (rus dili üzrə), Filologiya (rus dili və ədəbiyyatı) və s. nəzərdə tutulmuşdu. Bu ixtisaslara qəbul 100% təşkil edir.

Statistika göstərir ki, universitetimizə maraq ildən ilə artmaqdadır. Bunun səbəblərindən biri müasir dövrdə xarici dillərə olan ehtiyac olsa da, əsas səbəb tədrisin keyfiyyətinin yüksək olması ilə bağlıdır. Universitetimizdə təşkil olunan tələbəyönümlü, mobil, yüksək keyfiyyətli tədris və bu istiqamətdə davam edən işlər sayəsində qəbul səviyyəmiz hər il artmaqdadır. Digər tərəfdən qəbul planının yüksək yerinə yetirilməsi səbəblərindən biri də qəbul yerlərinin düzgün planlaşdırılmasıdır. Plan yerlərinin artırılması əsas şərt deyil. Əsas əmək bazarında ehtiyac duyulan ixtisaslara plan yerlərinin təklif olunmasıdır.

Hal-hazırda universitetdə tələbələrin qeydiyyatı prosesi davam edir. Dövlətimizdə baş verən mövcud vəziyyətlə əlaqədar qeydiyyat həm onlayn, həm də ənənəvi şəkildə həyata keçirilir. Qeydiyyat yekunlaşmadığı üçün ixtisaslar üzrə bal nisbəti haqda dəqiq fikir söyləyə bilmirəm. Lakin əminəm ki, bu istiqamətdə də universitetimiz ön sıralardadır”.

Xəbər lenti