Noyabrın 9-da ölkəmizin Latviyadakı səfirliyi tərəfindən Riqada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Latviya Milli Kitabxanası ilə birgə əməkdaşlıq çərçivəsində Zəfər Gününə və “Şuşa İli”nə həsr olunmuş təntənəli konsert keçirilib.
Tehsil.biz xəbər verir ki, konsert Latviyanın ən müasir və tanınmış mədəniyyət ocaqlarından biri olan və Latviyanın çağdaş memarlıq nümunələrindən hesab edilən Latviya Milli Kitabxanasında təşkil olunub.
Xəbər verir ki, tədbirdə Latviyanın sabiq prezidenti Andris Berzinş, Latviya dövlət qurumlarının rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun, akademik, incəsənət, ictimai dairələrin nümayəndələri, Latviyada fəaliyyət göstərən ölkəmizin aparıcı diaspora təşkilatlarının üzvləri, eləcə də tələbələr iştirak ediblər.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov tədbirdə çıxış edib. O diqqətə çatdırıb ki, Azərbaycan xalqı Zəfər Gününü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən ərazilərimizin Ermənistanın 30 illik hərbi işğalından azad edilməsi, ədalətin və beynəlxalq hüququn bərqərar olması günü kimi hər il noyabrın 8-də qürurla qeyd edir. Səfir qeyd edib ki, Ermənistanın kapitulyasiyasına aparan 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi xalqımızın və Şanlı Ordumuzun qəhrəmanlıq ruhunun təntənəsinə çevrilib. Diplomat torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.
E.Sultanov Latviya Prezidenti Eqils Levitsin iyunun 16-da Bakıda keçirilən IX Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində 2022-ci ilin “Şuşa İli” elan edilməsinin bu ili xüsusiləşdirdiyini vurğuladığını və Şuşanın Azərbaycanın mühüm tarixi və mədəni məkanı kimi ölkənin mədəniyyət paytaxtı statusunu almasını diqqətə çatdırdığını söyləyib. Uğurla inkişaf edən Azərbaycan-Latviya münasibətlərinə toxunan diplomat keçirilən mədəni tədbirlərin iki ölkə arasında sıx dostluq əlaqələrini daha da gücləndirdiyini bildirib.
Səfir Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan olunduğunu, bu il Şuşa şəhərinin salınmasından 270 il keçdiyini və bugünkü tədbirin həm də Azərbaycanın mədəniyyət paytaxtı olan “Şuşa İli”nə həsr olunduğunu diqqətə çatdırıb. E.Sultanov Şuşanın Azərbaycan mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etdiyini ifadə edərək 2022-ci ildə həm də Qarabağın tanınmış musiqiçi nəslindən olan böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, dahi bəstəkarın yubileyi UNESCO-nun Yubileylər Siyahısına daxil edilib və bu konsert, həm də Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunub.
Səfir, həmçinin noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü olaraq qeyd edildiyini, Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış Azərbaycanın Dövlət Bayrağının milli suverenlik rəmzi kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik atributlarından birinə çevrildiyini söyləyib. O, Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Latviyada yaşayan həmvətənlilərimizi təbrik edib.
Daha sonra Azərbaycanın Əməkdar artistləri – tarzən Sahib Paşazadə, vokalçı İlham Nəzərov və bir sıra respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə Azərbaycan və Latviya bəstəkarlarının əsərlərini uğurla ifa ediblər. Konsert dinləyicilər tərəfindən böyük marağa səbəb olub və gurultulu alqışlarla qarşılanıb.