2022-ci ilin 10 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərinin 74 illiyinə həsr olunan “Qalib ölkənin enerji mənbəyi: Mingəçevir” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.
Tehsil.biz xəbər verir ki, dəyirmi masada giriş sözü ilə çıxış edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev 11 noyabr – Mingəçevir şəhərinin yaradılması günü münasibətilə təbriklərini çatdırıb. Mingəçevirin Azərbaycanın dördüncü böyük sənaye şəhəri olduğunu vurğulayan V.Mustafayev ölkənin elektrik enerjisi təminatının əhəmiyyətli hissəsinin məhz bu energetiklər şəhərinin payına düşdüyünü bildirib. Qeyd edilib ki, Mingəçevirin hərtərəfli və davamlı inkişafının təmin edilməsi dövlətin diqqət mərkəzindədir. Müasir dövrdə respublikanın sosial-iqtisadi inkişafında Mingəçevirin özünəməxsus rolundan bəhs edən V.Mustafayev dəyirmi masanın önəmini diqqətə çatdırıb.
Sonra, proqrama uyğun olaraq məruzələr dinlənilib. MDU-nun akademik heyət üzvlərindən Vüsalə Mövlayeva “Mingəçevir şəhərinin tarixi”, Səadət Şıxalıyeva “Mingəçevir şəhəri Cənubi Qafqazın ən böyük enerji mənbəyi kimi”, Aygün Qədirova “Mingəçevir şəhərinin maddi mədəniyyəti” və Günəş Şəfaqətov “Mingəçevirin iqtisadi inkişaf göstəriciləri” mövzusunda məruzələrlə çıxış ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.