Logo

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

12.02.2021 19:28 606 baxış
IMG

Fevralın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) yeni rəhbəri İrek Zinnurov ilə görüş keçirilib.

 

Bu barədə ADPU-dan məlumat verilib. Bildirilib ki, görüşdə universitetin rektoru, professor Cəfər Cəfərov ADPU ilə Rusiyanın təhsil müəssisələri və RİMM arasında geniş əlaqələrdən danışıb, ali təhsil ocağı haqqında məlumat verib.

 

Rektor vurğulayıb ki, Azərbaycanda müəllim hazırlayan ən böyük ali təhsil müəssisəsi olaraq ADPU-nun tərkibində 5 filial, kollec və baza məktəbi mövcuddur. Universitetdə 8 fakültə üzrə müəllim hazırlığı aparılır. Fakültələrin hər birində rus bölməsi fəaliyyət göstərir. Hazırda ADPU-da rus bölmələri üzrə 600-dən çox tələbə təhsil alır.

 

İrek Zinnurov RİMM-in fəaliyyəti və yeni strategiyası haqqında geniş məlumat verib. O, gələcək əməkdaşlığın vacib olduğunu deyib.

 

Görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın olduğunu qeyd edən tərəflər təhsil sahəsində gələcək işlər haqqında fikir mübadiləsi aparıblar. Bu görüşün iki qurum arasında əlaqələrin inkişafında müstəsna rol oynayacağını bildiriblər.

Xəbər lenti