Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Milli Opera və Balet Teatrının təqdimatında Cəfər Cabbarlının eyni adlı dramı əsasında, dahi bəstəkar Fikrət Əmirovun iki pərdədən ibarət “Sevil” operası nümayiş olunub.
Tehsil.biz xəbər verir ki, Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan operada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri tamaşaçı qismində iştirak ediblər.
Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşanı dirijor Orxan Həşimov idarə edib. Tamaşanın bədii rəhbəri Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylidir.
Balaş obrazını Xalq artisti, professor Azər Zeynallı, Sevil obrazını Fatimə Cəfərzadə canlandırıblar. Digər rolları Əməkdar artistlər İnarə Babayeva (Dilbər), Tural Ağasıyev (Balakişi), vokalçılar Taleh Yahyayev (Atakişi), Urfan Cəfərov (Əbdüləli bəy), Nina Makarova (Gülüş) və başqaları ifa ediblər.
Fikrət Əmirov “Sevil” operasını Cəfər Cabbarlının eyniadlı pyesi əsasında Tələt Əyyubov tərəfindən qələmə alınmış libretto üzərində 1949-1952-ci illərdə yazıb. Operanın premyerası 1953-cü il dekabrın 25-də Azərbaycan Dövlət Opera və Balet Teatrında olub. İlk tamaşaya görkəmli rejissor, SSRİ Xalq artisti Mehdi Məmmədov quruluş verib, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Əfrasiyab Bədəlbəyli olub. Sevil partiyasını Vera Abışeva, Balaş rolunu Rəşid Behbudov ifa ediblər.
Gəncə Dövlət Filarmoniyasında 100 yaşlı bəstəkarın zəngin və ecazkar musiqisi, vokalçıların möhtəşəm ifası, simfonik orkestrın, balet qrupunun professional çıxışı tamaşaçıları heyran edib və davamlı alqışlarla qarşılanıb.