Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə noyabrın 11-də Nizami Kino Mərkəzində XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının (BBQFF) açılışı keçirilib.
Tehsil.biz xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi ənənəvi festivalın dəstəkçilər sırasında Nizami Kino Mərkəzi, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council”, Bakı Kitab Mərkəzi, “Metafliks” platforması, “Azprint” şirkəti, “Oskar prodakşn”, “Bimtek” və “Özsüt” şirkətləri də yer alır.
Açılış mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev festival haqqında məlumat verib. Qeyd edib ki, bu il festivala 79 ölkədən (Almaniya, Fransa, İspaniya, Türkiyə, Belçika, Norveç, İsveç, Yunanıstan, Ukrayna, Misir, İran, Qırğızıstan, Çin, Cənubi Koreya və s.) 814 film qatılıb. Onlardan 91 film müsabiqəyə təqdim edilib. Seçim komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı – “Qızıl nar” uğrunda yarışacaqlar.
Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov bildirib ki, festival çərçivəsində kinosevərlər bir-birindən maraqlı və rəngarəng filmləri seyr edəcəklər. Nazirliyin kinonun inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan şöbə müdiri kinonun mədəniyyətin vacib sahələrindən olduğunu söyləyib: “Bu gün festivalın açılışına toplaşdığımız məkana nəzər yetirəndə zalda boş yer olmadığını görürük. Bu da onu deməyə imkan verir ki, kino yaşayır”.
Diqqətə çatdırılıb ki, beynəlxalq müsabiqədə yarışan filmləri “Qarğıdalı adası” filmi ilə Karlovı Varı, “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan, eyni filmlə “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasının qısa siyahısına düşən, tanınmış gürcü rejissor və prodüser Georgi Ovaşvili, Kazanda art-nümayişlərin daimi spikeri, fərqli mövzularda kino mühazirələri ilə tanınan, müxtəlif illərdə Beynəlxalq Gənclər Kinofestivalının proqram direktoru, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü kimi fəaliyyət göstərmiş Adilə Xaybullina, Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələrinin təşkilatçısı, “Rabarba” aylıq kino jurnalının təsisçisi, uzun illər Boğaziçi Film Festivalının bədii rəhbəri olmuş türkiyəli prodüser Əmrah Kılıç qiymətləndirəcək.
Yerli müsabiqənin münsiflər heyətində Avropanın ən böyük film fondlarından “FOCAL”-ın “Avantı” proqramının qalibi, müasir kinomuzun məhsuldar rejissorlarından olan Mirsadıq Ağazadə, yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, tanınmış şair, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov yer alır.
Bildirildi ki, builki festivalda “Asiya istedadları” adlı müsabiqə proqramı nəzərdə tutulub. Yalnız Asiya ölkələrinin bədii filmlərinin yarışdığı müsabiqədə 10 film yer alır. Qalibləri kino tənqidçisi Aliyə Dadaşova, Əməkdar rəssam Rəşad Ələkbərzadə seçəcək.
Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 4 film yarışacaq. Onlayn keçiriləcək müsabiqənin qalibini tamaşaçılar seçəcək.
Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. “British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən məşhur mükafatın – “Bafta” namizədlərinin xüsusi təqdimatı olacaq.
“Dili bizim” müsabiqə proqramı Bakı Beynəlxalq Qısa Filmlər Festivalının nümayiş xarakterli proqramıdır. Burada dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.
“Panorama”da isə xüsusi seçilmiş filmlər nümayiş etdiriləcək.
Festivalın xarici və yerli münsiflər heyəti çıxış edərək kino yaradıcılarını və kinosevərləri film bayramı münasibətilə təbrik ediblər.
Daha sonra festivala təqdim edilən yerli və xarici filmlərdən kadrların yer aldığı videoçarxlar nümayiş olunub. Kinosevərlər ötən festivalların qalib filmlərindən biri “Bir ata haqqında” sənədli filmini, “Ən yaxşı rejissor” nominasiyasının qalibi “Çarpayı”, “Şaxta” və “Təbii seçim” filmlərini böyük maraqla seyr ediblər.
Qeyd edək ki, festivalın filmləri noyabrın 15-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Eyni zamanda festival çərçivəsində noyabrın 13-də türkiyəli prodüser Əmrah Kılıç tərəfindən ustad dərsi keçiriləcək.
Festivalın bağlanış və qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15-də Nizami Kino Mərkəzində olacaq.
Kann, Venesiya, Berlin film festivallarında mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən BBQFF hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.