Mədəniyyət Nazirliyinin bu ilin mart ayından reallaşdırdığı “Yeni adlar” musiqi layihəsi davam edir. İstedadlı gənclər böyük səhnələrdə ölkəmizin aparıcı kollektivlərinin müşayiətində məharətlərini göstərirlər.
Tehsil.biz xəbər verir ki, noyabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirilib.
Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Mustafa Mehmandarov) müşayiəti ilə gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Kamran Talıblı (fleyta) və Cəmil Sədizadə (piano) yaddaqalan proqramla çıxış ediblər.
Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər olub.
Konsertdə Kamran Talıblının ifasında J.İbertin “Fleyta və orkestr üçün konsert”i, Cəmil Sədizadənin təqdimatında isə K.Sen-Sansın “Piano və orkestr üçün 2 nömrəli konsert” əsərləri gurultulu alqışlarla qarşılanıb. İstedadlı gənclər orkestrin müşayiəti ilə hər iki əsəri yüksək peşəkarlıqla tamaşaçılara çatdırmağı bacarıblar.
Kamran Talıblı 2000-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə L. və M.Rostropoviçlar adına 21 nömrəli Musiqi məktəbinə fleyta ixtisası üzrə (Xalq artisti, professor Müzəffər Ağamalızadənin sinfi) daxil olub. Kamran 2022-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr pilləsində təhsilini davam etdirir.
Kamran təhsil illərində respublika və beynəlxalq musiqi müsabiqələrində iştirak edib və nailiyyətlər qazanıb. 2011-ci ildə nəfəs və zərb alətləri üzrə II Respublika müsabiqəsində II yerə layiq görülən musiqiçi 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən II Respublika müsabiqəsində I yeri qazanıb. Həmin il 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında keçirilmiş kamera konsertində uğurlu çıxışı və müasir Azərbaycan bəstəkarlarının əsərlərinin ifasına görə fəxri fərmanla təltif edilib. 2014-cü ildə İslam dünyası gənc klassik musiqi ifaçılarının III beynəlxalq müsabiqəsində birinci olub. Eləcə də Rusiyanın Samara şəhərində Yuri Başmetin rəhbərliyi ilə MDB ölkələri arasında keçirilən ustad dərslərində Paris Ali Milli Konservatoriyasının professoru Jean-Noel Bonmortdan dərs alıb və Tolyatti şəhərinin filarmoniyasında çıxış edib. Gənc ifaçı 2016-cı ildə bir sıra müsabiqələrdə iştirak edərək I yerə layiq görülüb. Buna misal olaraq, Estoniyanın Narva şəhərində keçirilən “Baltikanın ulduzları” VII beynəlxalq müsabiqəni, dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunmuş respublika musiqi müsabiqəsini göstərmək olar. Kamran 2017-ci ildə Prezident təqaüdünə layiq görülüb.
Cəmil Sədizadə 2008-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Rauf Hacıyev adına 15 nömrəli Musiqi məktəbinin fortepiano ixtisası üzrə I sinfinə qəbul olub. Hazırda məktəbin IX sinfində təhsil alır.
Cəmil 2015-ci ildən başlayaraq bir çox uğurlara imza atıb. Azərbaycanla yanaşı, Estoniya, Bolqarıstan, İspaniya, İsrail, BƏƏ, Rusiya, İtaliya, Gürcüstan, Çexiya və digər ölkələrdə müsabiqələrdə iştirak edərək laureat adını qazanıb.
Cəmil həmçinin 2017-ci il mayın 28-də Kreml sarayının Georgiyev zalında keçirilən “Nəsillərin melodiyası” V beynəlxalq musiqi festivalında iştirak edib. Burada o, Rusiya Prezidenti orkestri ilə L.V.Bethovenin I konsertini (I hissə) ifa edib. Həmin ilin iyununda ölkə başçımızın sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Cəmil 2018-ci ilin yanvar ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Xalq artisti Rauf Abdullayev) ilə birlikdə “Zirvəyə doğru” adlı ilk solo konsertini verib. Həmin ilin mayında Parisdə UNESCO-nun təşkil etdiyi Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş konsertdə solo nömrə ilə uğurlu çıxış edib.
Cəmil Sədizadə bu ilin aprel ayında Heydər Əliyev Sarayında yenə də Xalq artisti Rauf Abdullayevin idarəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Qəlblərin fatehi” adlı ikinci solo konsertlə çıxış edib.