Noyabrın 12-də Mingəçevir Dövlət Universiteti (MDU) “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında uğurla təmsil olunub.
Tehsil.biz xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ölkənin 49 ali təhsil müəssisəsi arasında keçirilən bilik yarışında MDU komandası 13-cü yerdə qərarlaşıb.
Diqqətə çatdırılıb ki, artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin öyrənilməsi, gənclər arasında təbliği məqsədi daşıyır. Müsabiqəyə hazırlıq mərhələsində komandalar Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında əvvəlcədən təqdim edilmiş mövzular üzrə araşdırma aparıblar.
Qaydalara əsasən, münsiflər heyəti hər düzgün cavabı bir xalla qiymətləndirib. Ümumi xallar üzrə üç turun sonunda ümumrespublika bilik yarışının qalibləri seçilib. Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları təqdim olunub.
Noyabrın 14-də MDU-nun rektoru Şahin Bayramov bilik yarışında iştirak edən universitetin komanda üzvləri ilə görüşüb. Görüşdə rektor MDU-nu layiqli təmsil etdiklərinə görə tələbələrə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Qeyd edək ki, sözügedən bilik yarışında iştirak etmiş MDU komandasının tərkibində universitetin Pedaqoji fakültəsinin tələbə və magistrantlarından Xədicə Abdullayeva (kapitan), Əli Abbasov, Sevinc Əhmədova, Səma Süleymanova, Səbinə Əliyeva, Nərgiz Rəsulzadə, Qaya Cəfərov və Çiçək Bayramova təmsil olunub.