Logo

Tolerantlıq: Azərbaycanın “yumşaq güc” strategiyası

15.11.2022 00:56 373 baxış
IMG

Qlobal dünyada inteqrativ tərzdə beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı iki mühüm yanaşma tərzi mövcuddur: “sərt güc” (hard power) və “yumşaq güc” (soft power).

Siyasətşünas alim Josef  Nye “sərt güc” və “yumşaq gücü” bir-birindən belə fərqləndirir: “yumşaq güc mədəniyyət, dəyərlər və ideyalar vasitəsilə yola gətirmək qabiliyyətidir, sərt güc isə hərbi qüvvə vasitəsi ilə fəth etmək və ya məcbur etməkdir”. Bu mənada yumşaq gücün əsas xüsusiyyəti sivil fəaliyyətdir. Nyenin də qeyd etdiyi kimi, onun əsas istiqamətləri dəyərlər,  daxili və xarici siyasətdə mədəni müxtəlifliyin və dialoqun inkişafını tətbiq etməkdir.

Multikulturalizmin birbaşa tolerantlıq anlayışı ilə əlaqəsi var. Tolerantlıq multikulturalizmin, o cümlədən, bütün bəşəri münasibətlərin əsasında duran etik əsaslardan biridir. "Tolerantlıq" latın mənşəli söz olub, dilimizə "dözümlülük" kimi tərcümə olunur. "Tolerantlıq" terminini "təmkinlilik", "səbrlilik", "qarşılıqlı hörmət" və "ehtiram" kimi mənaları da ehtiva edir. "Tolerantlıq məfhumunun ortaya çıxması  XVII əsrə təsadüf edir. Məhz məşhur İngilis filosofu və təbii hüquq nəzəriyyəsinin banisi Con Lokk XVII əsrdə qələmə aldığı "Tolerantlıq məktubu" adlı traktatında xristian din qardaşlarına müraciətlə bir-birlərinə qarşı dini dözümlülük göstərmələrini və aralarındakı məzhəbi münaqişələri tolerant duyğularla həll etmələrini təlqin edirdi.

Təsdüfi deyil ki, fəlsəfə tarixində də Antik dövrdən etibarən qarşılıqlı hörmət və ehtiram, bir sözlə tolerant münasibətlər mədəni olmaq, əxlaqlı olmaq anlayışlarına istinad edir. Bu mənada Aristotel "Nikomax etikası" əsərində yazırdı ki, "özünə münasibətdə fəzilətli davrananlar" yox, "başqalarına münasibətdə fəzilətli davrananlar" daha doğru hərəkət etmiş olurlar.

Yuxarıda qeyd olunan sistemli faktlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan multikulturalizm və tolerantlıq strategiyasını dövlət siyasəti olaraq tətbiq etməkdədir. Belə ki, ölkə daxilində yaşayan etnik qruplar və dini icmalar bu siyasətin, o cümlədən Azərbaycançılıq məfkurəsini əsas alaraq öz inkişaf dinamikalarını təmin edirlər. Dövlət bütün imkanlarından istifadə edərək milli və dini icmaların mədəniyyət və adət-ənənələrinin qorunmasını, inkişaf etdirilməsini öz öhdəçiliyi hesab edir.  Prezident İlham Əliyevin bu fikirləri tam olaraq qeyd olunan dövlət siyasətinin əsas tezislərini təşkil edir: “Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir… Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur”.

Digər tərəfdən “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənnlərinin ölkə daxili və xaricində ali məktəblərdə tədrisi, eyni zamanda bu siyasətin mühüm tərkib hissəsidir. Təsadüfi deyil ki, bu sahədə ən son addım, Rumıniyanın ən qədim universiteti olan Aleksandr İohan Kuzi adına Yassı Universitetində Azərbaycan Dillər Universitetinin  rektoru akademik Kamal Abdullanın iştirakı ilə Azərbaycan Multikulturalizm Mərkəzinin açılışının olması bunun bariz nümunəsidir.

Azərbaycanın “yumşaq güc” strategiyasının funksionallığı Ermənistanla iki il öncə Qarabağ uğrunda aparılan savaşdan sonra daha da əhəmiyyət kəsb etməyə başlamışdır. Məhz “sərt gücə” dayanılaraq qələbənin qazanılması, ardınca cənab Prezidentin müxtəlif çıxışlarında “yumşaq güc” strategiyası olaraq ermənilərə sülh əlini uzatması, bu istiqamətdə düşünülmüş siyasətin fəaliyyətindən xəbər verir. Bu, dövlətin tolerant və multikultural siyasətidir. Xüsusilə Azərbaycan tərəfi bunun beynəlxalq hüquq və normalar çərçivəsində həll olunması üçün beş prinsipə əsaslanan təkliflərini təqdim etmişdir. Bu baxımdan Prezident İlham Əliyev ən son müsahibələrinin birində tam da “yumşaq gücə” istinad edən tolerantlıq və multikultural strateji anlayışını belə açıqlayır: “Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”. Əlbəttə ki, Ermənistanın bu deyilənləri qulaq ardına vurması, onlara qarşı “sərt güc” strategiyasının tətbiq olunmasını labüd edəcəkdir. Məhz əldə olunacaq sülh sazişi və yumşaq gücün tətbiqi ilə azərbaycanlılar Ermənistandakı tarixi torpaqlarından çıxarılan vətəndaşlar olaraq öz doğma yerlərinə də qayıda biləcəklər. Bunun baş verməsi, Cənubi Qafqaz regionunda uzun müddətli sülhü bəraqarar edərək regionda tolerant və multikultural mühitin inkişafına güclü təkan verəcəkdir.

Dövlət başçısı İlham Əliyevin Səmərqənddə keçirilən tədbirdəki ən son çıxışı da Azərbaycanın “yumşaq güc” strategiyasının çoxşaxəli və geniş miqyaslı olmasından xəbər verdi. Cənab Prezidentin bu fikirləri ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar üçün bir dayaq nöqtəsi və stimulverici mahiyyət daşıyır: “…Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.

Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycanın “yumşaq gücə” dayanan tolerant və multikultural siyasət strategiyası, son 30 ildə artan inkişaf tempi ilə özünü göstərir. Bunun əsasını ölkəmizin iqtisadi gücü, II Qarabağ savaşının “sərt güc” vasitəsilə qazanılması təmin etmişdir. Məhz bu iki güc faktoruna dayanan Azərbaycanın tolerant və multikultural dövlət siyasəti regionda daimi sülhün formalaşmasını təmin edəcəkdir.

Anar Osmanlı

Azərbaycan Dillər Universiteti rektorunun məsləhətçisi

Xəbər lenti