Logo

“Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda konfrans keçirilib - FOTOLAR

15.11.2022 10:28 274 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, DQİDK, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların rəhbərləri və üzvlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov açıb.

O, Azərbaycanda dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə dini etiqad azadlığı üçün yaradılan şərait, bütün dini konfessiyalara, ibadət yerlərinə göstərilən xüsusi qayğı, həmçinin digər dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq və birgəyaşayış vərdişlərinin önəmi barədə danışıb.

Sonra parlamentin deputatı Hikmət Babaoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun çıxışları dinlənilib.

Tədbirdə, eləcə də Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Aleksiy Nikonorov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda müxtəlif dinlərə məxsus ibadətgahların, dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi, dini bayramların yüksək səviyyədə qeyd olunması istiqamətində müxtəlif dini konfessiya nümayəndələrinə dövlət tərəfindən lazımi dəstək verilməsinin Azərbaycanın uğurlu multikulturalizm və tolerantlıq modelinin tərkib hissəsini təşkil etdiyini vurğulayıblar. Eyni zamanda, digər konfessiyaların nümayəndələri kimi xristianlara öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmağa görə yaradılan şəraitdən məmnunluqlarını dilə gətiriblər.

Konfransda eyni zamanda, “Tolerantlıq nümunəsi” adlı qısametrajlı film, “Biz birlikdə güclüyük” və “Vəhdət dəyərimizdir” adlı videoçarxlar nümayiş etdirilib.

Xəbər lenti