Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 30 il ötür.
Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Bununla da ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi Yeni Azərbaycan Partiyası yaradıldı. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi.
Xalqın Ulu öndər Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də YAP-ın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.
Öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan YAP-ın cəmiyyətdə rolu və nüfuzu durmadan artdı, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişləndi. Müstəqil Azərbaycanın və ən güclü siyasi təşkilatın - Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müdrik və düzgün siyasəti ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxardı. Partiyanın sədri, Ölkə başçısı cənab İlham Əliyev 19 illik Prezidentlik fəaliyyəti dövründə Azərbaycan xalqına verdiyi vədləri ən üst səviyyədə həyata keçirdi. Bu müddət ərzində ölkəmizdə bütün sferalarda saysız-hesabsız uğurlara imza atıldı, insanların rifah halı daha da yaxşılaşdırıldı, Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirildi, eyni zamandan beynəlxalq arenadakı nüfuzumuz yüksəldi.
Azərbaycanın 2020-ci il 27 sentyabr tarixində erməni silahlı birləşmələrinin təxribat aktına cavab olaraq, həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan 20% torpaqlarımız düşməndən azad olundu. Möhtəşəm Qələbəmiz cəmi 44 gün ərzində Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi, diplomatik məharəti və Azərbaycan Ordusunun rəşadəti hesabına əldə olundu. Bu gün işğaldan azad olunan doğma ərazilərimizdə bərpa-quruculuq işləri aparılır və bu da vətəndaşlarımızın öz dədə-baba yurdlarına yaxın gələcəkdə baş tutacaq Böyük Qayıdışının başlanğıcıdır. Xüsusilə qeyd etmək lazımdır ki, Böyük Zəfərin, ölkəmizdə əldə olunan nailiyyətlərin, bütün sahələrdəki inkişafın əsasında Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasəti dayanır. Tarixə qızıl hərflərlə yazılan Vətən müharibəsi Qələbəsi bütün dünyaya sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir və xalqımız öz Liderinin seçimində düzgün qərar verib.
Beləliklə, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Ulu öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Professor Fikrət RZAYEV
Əməkdar müəllim, ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru