Noyabrın 15-də Cəlilabad rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib olan “Biləsuvar Yeniyetmə və Gəncləri” ictimai birliyinin “Peşə təhsilinin stimullaşdırılmasına dəstək" layihəsinin növbəti təlimi keçirilib.
Tehsil.biz xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, layihə rəhbəri Ülvi Həzizadə, layihənin eksperti və Biləsuvar Peşə liseyinin direktoru Əliheydər Əlifli, layihənin təlimçisi İsmayıl Ağacanlı və 50 məktəbli iştirak edib.
İlk öncə çıxış edən layihə rəhbəri Ü.Həzizadə layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra çıxış edən qonaqlar layihənin gənclərin peşə seçimi və karyera inkişafına müsbət töfhə verəcəyiniz bildirmişdir. Çıxış edən ekspert Ə.Əlifli təlimlərin gənclər üçün maarifləndirmə məqsədilə keçirildiyini bildirmiş və layihənin gedişatına uğurlar arzulayıb.
Çıxışlardan sonra təlimçi İsmayıl Ağacanlı tərəfindən peşə təhsili ilə bağlı düzgün maarifləndirmə, müasir peşə texnologiyaları və STEAM dərsləri mövzularında interaktiv təlimlərə start verilib. Gənclərin karyera inkişafı ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Təlimlərdən sonra fəallıq göstərən iştirakçılara sertifikatlar təqdim olunub.
Bildiririk ki, layihənin əsas məqsədi regionlarda (Biləsuvar, Cəlilabad, Astara və Salyan rayonlarında) peşə təhsilinə marağın artırılması ilə bu sahədə bacarıqlı gənclərin peşələrə yiyələnməsini təmin etmək, peşə ixtisasına yiyələnmək istəyənləri müasir texnologiyalarla tanış etmək, həmçinin regionlarda savadsızlığın qarşısını almaq və bu yolla işsizliyin azaldılmasına nail olmaqdır.
Qeyd edək ki, təlimlərin növbəti mərhələsi Astara rayonunda keçiriləcək.