Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə "Şuşanın 270 anı" bədii-sənədli filminin təqdimatı keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə dövlət himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Tünzalə Zeynalova xalqımızın qazandığı tarixi Zəfərdən danışıb. Bildirib ki, Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri ilə yaşayır. Bu zəfərlə biz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi.
Tünzalə Zeynalova deyib: “Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Prezident İlham Əliyev yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam 2022-ci ildə şəhərin 270 illiyinin qeyd olunması, Şuşada il ərzində görüləcək quruculuq-bərpa işlərini nəzərə almaqla, əhalinin doğma yurdlarına qaytarılması və bu qədim şəhərin beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. Prezidentin bu qərarı tarixi, siyasi və mənəvi baxımdan böyük əhəmiyyətə malikdir və bir neçə strateji hədəfə çatmağa hesablanıb”.
“Şuşanın 270 anı” bədii-sənədli filminin 53 nömrəli tam orta məktəbdə keçirilməsinin böyük önəm daşıdığını diqqətə çatdıran təhsil ocağının direktoru qeyd edib ki, Qarabağda əldə olunan möhtəşəm Zəfəri, qəhrəman oğullarımızın şücaətini gələcək nəsillərə ötürmək, onları vətənpərvər ruhda yetişdirmək işində təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür. Bu gün “Şuşanın 270 anı” filminin məktəbdə keçirilən təqdimatı da bu missiyadan irəli gəlir.
Tünzalə Zeynalova gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin bu gün qarşımızdakı ən önəmli hədəflərdən biri olduğundan bəhs edərək şagirdlərə Azərbaycan tarixini dərindən öyrənməyi tövsiyə edib.
Məktəbin 9-cu sinif şagirdi Əlizadə Hüseyn "Şəhidin anasına məktubu" adlı şeirini səsləndirib.
“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş filmin ərsəyə gəlməsi ilə bağlı görülən işlər haqqında söz açaraq layihə çərçivəsində Azərbaycan, rus və ingilis dillərində hazırlanan https://loveshusha.com adlı sayt haqqında da məlumat verib.
Sonra "Şuşa 270” adlı film təqdim edilib.
Qeyd edək ki, “Şuşanın 270 anı” bədii-sənədli filmi “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gəlib.
Tədbir məktəbin 11-ci sinif şagirdi Hüseyn Əliyevin “Şuşanın dağları” mahnısının ifası ilə başa çatdı.
Qeyd edək ki, təqdimat mərasimində şəhid anaları, filmin ideya müəllifi və redaktoru Kərəm Ələsgərov, müəllim və şagirdlər iştirak ediblər.