Serbiyanın https://www.danas.rs xəbər saytında Azərbaycanın Zəfər Günü münasibətilə “Dağlıq Qarabağın işğalına son – dinc inteqrasiyanın başlanğıcı” sərlövhəli məqalə yayımlanıb.
"Tehsil.biz"in məlumatına görə, Aleksandr Mariçin qələmə aldığı məqalədə bildirilib ki, iki il öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Dağlıq Qarabağda işğal edilmiş əraziləri azad edərək, 28 il sonra əzəli torpaqları tamamilə ölkəyə qaytarıb.
Məqalədə 44 günlk Vətən müharibəsinə gətirib çıxaran proseslər, Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymadan Azərbaycana qarşı davam etdirdiyi təcavüzkar siyasət və hərbi cinayətlər, BMT-nin qətnamələrinə baxmayaraq, dünya birliyinin Ermənistanın qəsbkar siyasəti davam etdirməsinə göz yumduğu, hətta rəsmi İrəvanın həyasızcasına “Qarabağ Ermənistandır” kimi bəyanatla çıxış etməsi ilə dinc danışıqlara son qoyulduğu, müharibədən 3 gün öncə İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın yeni müharibəyə hazırlaşdığına dair xəbərdarlıqla çıxış etdiyi və dünya birliyini təcavüzkar ölkənin qarşısını almağa çağırdığı barədə ətraflı məlumat verilib.
Ermənistanın 27 sentyabr tarixli genişmiqyaslı hücumuna Azərbaycanın mükəmməl hazırlanmış əks-əməliyyatla cavab verdiyi və Qarabağda misilsiz qələbə qazandığı nəzərə çatdırılıb.
Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-də Zəfər Gününün təntənəli şəkildə qeyd edilməsi, Azərbaycan xalqının misilsiz qəhrəmanlığını nümayiş etdirmək üçün Bakı şəhərində xatirə kompleksinin və Qələbə Muzeyinin yaradılması haqqında qərarların qəbul edildiyi yada salınıb.
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.