Logo

Məktəbdə skafoldinq prosesinin tətbiqi

17.11.2022 16:05 5621 baxış
IMG

Skafoldinq termini 20-ci əsrin sonlarından etibarən təhsil sistemində işlənməyə başlamışdır, lakin bu termin ölkəmizdə son 2-3 ildir, daha çox istifadə olunur.

Bunun başlıca səbəbi isə Azərbaycanda son illərdə kurikulum sisteminin geniş tətbiqi və bunun sayəsində dünya təhsil sistemində istifadə olunan metodların ölkəmizdə də istifadəsi ilə əlaqədardır.

İlk öncə diqqət yetirilməsi vacib olan məqam skafoldinqin tam olaraq hansı mənanı kəsb edir və mövcud tətbiqinin nə durumda olduğudur.

Skafoldinq şagirdin irəli təlim səviyyəsinə çatana qədərki yolda müəllim və ya hər hansı bir təlim cavabdehi tərəfindən onun inkişafında göstərdiyi dəstək, təkan rolunu oynayır (bir növ körpü).

Sonrakı dövrlər ərzində L.Vıqotski bu termini daha da genişlədərək onu şagirdlərin inkişaf zonası baxımından şərh etdi.Halhazırda da bu termin daha çox məhz L.Vıqotskinin adı ilə əlaqələndirilir.
Bəs hal hazırda bizim də təhsil sistemimizdə geniş istifadə olunan bu termindən necə yararlanırıq?

İlk öncə onu vurğulamaq istərdim ki, sinif otağında skafoldinqin tətbiqi özü ilə bərabərində həll edilməsi mühüm olan bir sıra məsələləri də ortaya atır. Onlardan başlıcası və ən önəmlisi müəllim və şagirdlərin skafoldinq prosesini başa düşməsi və bunun üçün uyğun mühitin yaradılmasında həvəsli olmasıdır. Zənnimcə tam dərk olunmayan bir prosesin təcrübi tətbiqi də çətin olardı.

Bunun üçün atılacaq ən uğurlu addımlardan ilki, müəllimlərin “Dərsdə şagirdin iştirakını nə dərəcədə təmin edirəm?”, ”Görüləcək işin hansı hissəsi məhz şagird tərəfindən həyata keçirildi?”, ”Ev tapşırığını müstəqil edəcək bacarıqlar şagirddə formalaşdımı?”, “Şagirdə keçilən dərsin  həyatının hansı hissəsində tətbiq edə biləcəyinə dair ideya yarandımı?” - kimi suallara cavab tapmaq olardı.

Şagirdə öyrənmə prosesində dəstək olmaqla, işi onun əvəzinə görmək də fərqləndirilməsi vacib olan bir digər məsələlərdəndir. Bunun üçün önəmli nüans şagirddə dərsin davamlılığına dair maraq oyatmaqdır. Təcrübəmdən öyrəndiyim qədəri ilə şagirdlər 3 məqamda dərs prosesinin aktiv iştirakçısına çevrilirlər.

A) Mövzu şagirdə maraqlı gəldikdə (daha öncə tanış olmadığı faktlarla qarşılaşanda)

B) Dərs prosesi yorucu mühitdən uzaqlaşanda
C)Sonda onları hər hansı bir mükafatın gözlədiyini biləndə.

Ona görə də bu məqamlarla skafoldinq prosesinin paralel aparılması öyrənmə prosesinin davamlılığını təşkil edə bilər.

Digər bir məqam isə şagirdlərdən keçilən mövzu haqqında öz düşüncələrini, metodlarını və oxşar situasiyada nə edəcəklərini soruşmaq, fikirlərini almaqdır.

Bu mərhələdə 2 prosesdən eyni anda faydalanmış olursunuz:

1) Şagird burada onun da fikirlərinin önəmli olduğunu anlayır ki, bu da onun şəxsiyyət kimi formalaşmasında özünə inam faktorunu gücləndirir;

2) Şagirddə artıq mövzu barəsində maraq oyanmağa başlayır və təlimin aktiv iştirakçısına çevrilir.

Skafoldinq prosesi təkcə məktəb divarları ilə hüdudlanmır, ailə daxilində də bu proses  davam edir.Xüsusən də uşaqları ibtidai siniflərdə təhsil alan valideyinlərin bu mövzuda daha həssas olması tövsiyə olunur.Çünki bu yaşlarda uşaqlarda təqlid etmə yolu ilə öyrənmənin  aktiv dövrü olduğu üçün ilkin qazandıqları öyrənmə üsullarından uzun müddət istifadə edəcəklər.

A.Sehranə
Ağsu rayon Muradlı kənd tam orta məktəbinin coğrafiya müəllimi

Xəbər lenti